Unutmayaq ki, unudulmayaq!

0
397

“SƏHƏR”DƏN BAŞLANAN ŞƏRƏFLİ ÖMÜR VƏ YARADICILIQ YOLU

Məzahir Süleymanzadə yeganə jurnalist idi ki, Baş redaktoru olduğu “Səhər” qəzetinin adını özünə imza seçmişdi: Məzahir SƏHƏR kimi də tanınırdı

Bu gün Onun – Azərbaycan mətbuatında bir milyondan artıq oxucusu olan “Səhər” qəzetinin yaradıcısı və Baş redaktoru olmuş, yazıçı-publisist,həm də gözəl qələmli, təbli şair kimi tanınan və sevilən Məzahir Süleymanzadənin dünyaya gəldiyi gündür.
Düz 71 il öncə, məhz bu gün o, Azərbaycanın ulu Şirvan mahalının Şamaxı elində dünyaya göz açdı. Ona görə ki, Azərbaycan mətbuatında H.B. Zərdabidən sonra onun kimi perşəkarlara çox böyük ehtiyac var idi. Ona görə doğuldu ki, qəzetçiliyin nə demək olduğunu sonrakı nəsillərə öyrətsin. Ona görə sevilsin ki, “Səhər” adlı bir ocaq yandırsın mətbuatda və onun ətrafına vətənsevərlərdən ibarət kollektiv cəm eləsin, onlara mənəvi ata, qardaş, əmi olsun!
Haqqında yetərincə danışılıb. Elə bu xatırlatmanın müəllifinin də üzərində Məzahir müəllimin bir peşəkar kimi, haqqı var, mənəvi borcu qalıb!
Bəli, Məzahir Süleymanzadə “Səhər”ədək necə qələm sahibi olmasını çoxdan təsdiqləmişdi. Sovetlər dönəmində mətbuatın hansı çətinliklərlə üzləşdiyini bilir, görür və özü də bunları yaşayırdı. Hər şeyi olduğu kimi yazmaq olmazdı. Hər kəlmə qəzet səhifəsinə çıxarılmazdı, faktlar yerində yoxlanmadan, öz təsdiqini tapmadan.
Siyasi və hərbi senzuraya məruz qalan Azərbaycan mətbuatı məhz Məzahir Süleymanzadənin Baş redaktoru olduğu, 20 Yanvar dəhşətlərini ilk ədəfə dünyaya yayan, diktatura rejiminə sinə gərən qəzetlə müstəqiliyin, azad sözün nə demək olduğunu qələm adamlarımız da, xalqımız da ilk nömrəsi 1989-cu il avqustun 4-də çıxan “SƏHƏR”dən öyrəndilər!
Yenicə işıq üzü görən “Səhər”in beşaylığında, yəni körpəikən 20 Yanvar qırğınları, dəhşətləri, qətliamları baş verdi. Belə görünür ki, faciəni işıqlandırmaq, bu cəsarəti göstərmək “Səhər”in taleyinə yazılmışdı.
Məzahir Süleymanzadə deyəndə ilk yada düşən məhz “Səhər” qəzeti olur. Bu gün internet şəbəkəsinə diqqət yetirsək və sadəcə, ya “Səhər” qəzetinin, ya da onun Baş redaktoru Məzahir Süleymanzadənin adını yazsa, həddən artıq məlumat ala bilərik. Bu da o deməkdir ki, Məzahir müəllim fiziki mənada aramızda, sıralarımızda olmasa da, yazılarında, həm də təkcə milyondan artıq oxucusu olan “Səhər”in səhifələrində deyil, həm də sevimli oxucularının və ətrafında cəm etdiyi peşəkar qələm adamlarının yaddaşında və əziz xatirələrində yaşayır, yaşacaq, anılacaq və seviləcək…
Modern.az saytı yazır: “ Səhər” qəzetinin məşhur 2 milyonluq sayı dərc olunmazdan əvvəl redaksiya bəyanat da yaymışdı. 20 Yanvar qırğınından dərhal sonra baş redaktor Məzahir Süleymanzadənin iş otağındakı hökumət telefonu vasitəsilə SSRİ-nin bütün müttəfiq respublikalarına çatdırılmış, Tbilisidən nüfuzlu beynəlxalq informasiya agentliklərinə göndərilmiş bəyanatda deyilirdi: “Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdədir. “Səhər” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyub materiallar hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq mümkün olmadığı üçün həmin materialları müxtəlif vasitələrlə xarici kütləvi informasiya vasitələrinə göndərməyə çalışırıq. Ümid edirik ki, dünya ictimaiyyəti günahsız xalqımıza qarşı törədilən vəhşilikdən xəbər tutacaq, öz etiraz səsini ucaldacaqdır”.

“Səhər” qəzetinin adı çəkiləndə hansı jurnalistlər yada düşür?

Məzahir Süleymanzadə bu suala belə cavab verib: “ Bu gün – avqustun 4-də “Səhər”in birinci nömrəsinin çapdan çıxmasının 30 illiyi tamam olur. Bu münasibətlə qəzetin bütün əməkdaşlarını və oxucularını ürəkdən təbrik edirəm! Şübhəsiz, hər səhərimizin “Səhər”lə açıldığı günləri xatırlayanlar var. “Səhər” haqqında kitablar, dissertasiyalar yazılıb, sənədli filmlər çəkilib. Hər halda, dönüb geriyə baxanda iftixar hissi keçiririk, Vətənimiz, xalqımız üçün çox çətin illərin sınağından şərəflə, peşəkarlıqla, üzüağ çıxmışıq. “Səhər”in adının mətbuat tariximizə qızıl hərflərlə yazılmasında xidməti olan bütün əməkdaşlarımıza və oxucularımıza qəlbən “ÇOX SAĞ OLUN!” deyirik!
“Səhər” haqqında danışanda və yazanda “mən” ifadəsini çox işlədirəm. Əslində, burada təəccüblü heç nə yoxdur. Mən həqiqətən “Səhər”in yaradıcısı, birinci və sonuncu baş redaktoruyam. Amma mənim yazılarımdakı “MƏN” qətiyyən “Məzahir Süleymanzadə” anlamına gəlməməlidir. “Səhər”dən danışarkən işlətdiyim “MƏN” Cəmil Əlibəyov, Rəfail Nağıyev, Hidayət Elvüsal, Şakir Yaqubov, Əhməd İsayev, Araz Qurbanov, Zülfüqar Rüfətoğlu, Elman Qədirov, Bəxtiyar Sadıqov, Akif Qəhrəmanlı, Etibar Etibarlı, Rafiq Hacıyev, Tahir Aydınoğlu, Vaqif Bəhmənli, Əfqan, Flora Sadıqlı, Aidə Məmmədova…deməkdir. Bu “MƏN”i Mehdi Alıyev, Nəsimi Həbiboğlu, Süleyman Qaradağlı, Rövşən Binnətli, Rizvan Hilaloğlu, Oqtay Məmmədov, Svetlana Şıxəliyeva, Zemfira Ələkbərova, Sənubər Qasımova, Mahir Süleymanov, Tofiq Yusifov, Zöhrab Əmirxanlı, Surxay Hüseynov, İmran Bədirxanlı, Şahin Abasəliyev, Rauf Umudov,Rasim Sadıqov, Dilavər Nəcəfov, Yavər Əsədov, Bəybala Bəybalayev, Azadə Hüseynova, İlhamə Qasımlı, Səriyyə Müslümqızı, Şamıl Sabiroğlu, Seyidağa Cabbarov, Ələskər Cabbarov, Şahin Əliyev, Amalya Qasımova, Şamama İsmayılova…kimi də oxumaq olar. Gözəl xanımlarımız Pərinaz, Sevda, Reyhan,Sofiya, Xuraman, Nailə, Ofelya, Sədilə, Dilarə, Siddiqə, sürücülərimiz Ramiz Abdullayev və Əzim kişi də bu “MƏN”in içindədir. Yaşlı adamam, adlarını çəkmədiklərim məni bağışlasınlar…
Ən böyük təbrik isə, şübhəsiz, “Səhər”in sədaqətli oxucularına düşür. Çünki, “SƏHƏR”i yaşadan, məni “MƏN” eləyən onlar – hər səhərlərini “Səhər”lə açanlar olub…”
Baxın o, yenə də özündən daha çox “Səhər”in səhifələrindən yaxşı tanıdığımız bir böyük jurnalist ordusunun “sıravi”sindən başlamış, “generalı”nadək hamısının adını çəkməyi özünə daha çox borc bilir.
Məzahir müəllimi mən həm də qısa bir müddətdə “Azərbaycan” qəzetində yaxından təmasdan sonra tanıdım. Bu insanın ali keyfiyyətlərini saymaqla qurtarmaq olmaz!
Təəssüf ki, o, “Azərbaycan” qəzetində (hansı səbəb və ya bəhnələrdənsə) çox qala bilmədi. Bizim və daha yeni nəsilin onun tövsiyələrinə axı, ciddi ehtiyacı vardı. O, qala, işləyə, öz məsləhətləri ilə qəzetçiliyin ənənəsini öyrədə, oxucu sevgisinin qazanılması sirrini aça bilərdi. Ahıl Jurnlistlər Məclisinin sədri olduğu qısa vaxt ərzində neçə-neçə unudulmuş söz adamlarının könlünü aldı Məzahir müəllim.
Bir daha xatırladaq ki, bu gün – 22 dekabr mərhum Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimi Məzahir Süleymanzadənin doğum günüdür. Aramızda, sıralarımızda olsaydı, deyərdik ki, 71-ci ömür fəslin mübarək, ustad! Təəssüf ki, o, 70-dən o yana keçmədi, keçə bilmədi. Ömür buna vəfa etmədi…
20-dən çox publisistik kitab müəllifi, Ahıl Jurnalistlər Məclisinin sədri olmuş M.Süleymanzadənin kitablara sığmayan yüzlərlə yazısı dövrü mətbuatın sayılıb-seçilən əsərlər kimi tanınmışdır.
M.Süleymanzadə onu tanıyanların qəlbində mehriban ata və yoldaş, sədaqətli dost və sirdaş, cəfakeş insan kimi yaşayır. Onsuz birinci ad günündə onu sevənlərin qəlbində ağır üzüntü yaşanır.
Yaşadığı yaradıcılıq ömrü, fədakar ata və dost yaşantısı heç bir zaman qəlblərdən silinməyəcək.
Onun xeyirxah əməlləri də bir kitaba sığan deyil. Bu həyatda xeyirliyə doğru addımları onlarca insanın xeyir-dualar ilə qarşılamışdır.
Ömrünün son dövrlərini çətinliklə yaşamış bu insan özü heç kimdən, həmçinin ondan da kimsə narazılıq etməzdi…
Qəlbinin işıqlı dünyası onu son mənzilində də nur içində yaşadacaq. Nur içində uyu, Ustad!

Məhəmməd Nərimanoğlu,
“Yenilik-press” qəzetinin baş redaktoru,
Bakı, 22 dekabr 2023-cü il.