Qarabağda sülhməramlı kontingentin fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə məlumat verib.
Onun sözlərinə görə, son bir ildə Qarabağda vəziyyət kəskin şəkildə dəyişib:
“2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Aİ-nin himayəsi ilə Praqada keçirilən sammitdə Qarabağ ərazisini Azərbaycan ərazisi kimi tanıyıb və bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini təsdiqləyib.
Beləliklə, 2020-ci ildə sülhməramlıların Qarabağa yerləşdirilmə şərtləri ciddi şəkildə dəyişdirildi. 19-20 sentyabr toqquşmalarından sonra əhalinin köçü fonunda sülhməramlıların fəaliyyəti indiki şəraitə uyğunlaşdırılacaq.
Bu barədə bir müddət əvvəl Rusiya Prezidenti də danışıb. Rusiya sülhməramlı qoşunlarının bir sıra daimi və müvəqqəti müşahidə məntəqələri artıq bağlanıb. Bakıda sülhməramlılarımızla bağlı fundamental məsələlər müzakirə olunur”.