Vüqar Kərimov: “Qırmızı kitab”ın III nəşrində Naxçıvanın flora və faunası daha geniş təsvir edilib”

0
124

“Qırmızı kitab”ın lll nəşrində Naxçıvanın flora və faunası daha geniş təsvir edilib”.

Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

“Təbii ki, digər nəşrlərdə də Naxçıvanın təbiəti təsvir edilib. Yeni nəşrdə isə daha geniş yer verilib. “Qırmızı kitab”ın üçüncü nəşri Türkiyədə çapdan çıxıb. Kitabda “qırmızı” və “çəhrayı” olmaqla iki siyahı mövcuddur. “Çəhrayı” siyahının əsas siyahıdan fərqi ondadır ki, “çəhrayı” siyahıda olanlar hər hansı bir xüsusi mühafizə altına düşmür. Flora üzrə 50-dən çox, fauna üzrə 42 növ “çəhrayı” siyahıya əlavə olunub”.

Qeyd edək ki, iki cilddə olan “Qırmızı kitab”ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun; 37 göbələk) öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.