Qondarma rejim parçalandı… – Xankəndidə ilk dəfə baş verən hadisə

0
141

Laçın postunun qurulmasından sonra xarici aləmlə (Ermənistan) əlaqəsi tamamilə kəsilən və çıxılmaz vəziyyətə düşən Qarabağdakı separatçı rejimdə “vəzifə mübarizəsi” də kəskinləşir.

Bir neçə ay öncə Xankəndiyə gələn qondarma “vahid vətən” partiyasının “sədri”, separatçıların keçmiş qondarma “müdafiə naziri” Samvel Babayan “dövlət naziri” olmaq niyyətindədir.

Babayan iki gün öncə Xankəndidə mitinq keçirdi və separatçı rejimə tələblərini təqdim etdi. Mitinqin məqsədi Babayanın qondarma “dövlət naziri” təyin edilməsidir.

Baş separatçı Araik Arutyunyan bildirdi ki, Babayanın tələblərini qəbul edib və siyasi məsləhətləşmələrə başlanılıb. 10 gün ərzində bununla bağlı qərar bəlli olacaq.

Babayanın hərəkətə keçməsi bir neçə istiqamətdə maraq doğurur.

Birincisi, onun Paşinyan tərəfindən Qarabağa göndərildiyi iddia olunur: Araik Arutyunyan özünü qorumaq məqsədilə son dövrlər ruslarla təmasları artırıb ki, bu da Paşinyana sərf etmir və görünür, Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlarda kart kimi istifadə etdiyi Qarabağda təsir imkanlarını Babayan üzərindən qorumağa çalışır;

İkincisi, Babayan real vəziyyətdə Azərbaycanla inteqrasiya prosesi çərçivəsində danışıqlara getməyin tərəfdarı kimi çıxış edir: Ermənistanda radikal kəsim bunu Qarabağın tamamilə Bakıya təslim edilməsi planı kimi təqdim etsə də, burada İrəvanın hiyləgər oyun oynadığı istisna deyil; Paşinyan qondarma “Bakı-Xankəndi formatı”nın yaradılmasını, Bakının erməni əhalisi ilə təmaslarının beynəlxalq nəzarət altında həyata keçirilməsini, bununla separatçıları “tərəfə” çevirmək, eləcə də Qarabağı “hüquqi münaqişə” kateqoriyasına daxil etmək niyyətindədir; Babayanın qondarma “dövlət naziri” olmaq istəyinin də buna hesablandığı istisna deyil və bu baş verərsə, Ermənistan onu erməni əhalisinin “təmsilçisi” kimi təqdim edə və öz planlarını bu kontekstdə irəli sürə bilər;

Əsas diqqətçəkən məqamlardan biri də Babayanın Ruben Vardanyan və Bako Saakyana qarşı olmasıdır. Adıçəkilən şəxslər daha çox Rusiyaya yaxınlığı ilə seçilir. Mümkündür ki, rəsmi İrəvan məhz bu şəxsləri neytrallaşdırmaq, o cümlədən, Araiki nəzarət altına almaq məqsədilə Babayanı irəli çəkib. Bütün bunlar Xankəndidə “vəzifə davası”nın kəskinləşdiyini, bir ovuc separatçının müxtəlif qruplaşmalara ayrıldığını da təsdiq edir. Ermənistan mediası isə 44 günlük müharibədən sonra separatçı rejim daxilində ilk dəfədir bu səviyyədə qarşıdurma yaşandığını və qondarma rejimin dağılmağa doğru getdiyini yazır