Ermənistanda sorğu: Respondentlərin yarıdan çoxu Paşinyanın fəaliyyətini bəyənmir

0
170

“GALLUP International Association” Ermənistanda keçirdiyi sorğunun iştirakçılarının yarıdan çoxu ölkə hakimiyyətinin fəaliyyətini bəyənmir. Sorğunun nəticələrini təşkilatın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan təqdim edib.

Sorğunun nəticələrinə görə, respondentlərin 38,7%-i Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətini, ümumiyyətlə, bəyənmir, 13,9%-i isə onun fəaliyyəti ilə tam razıdır. Digər 24,1% qismən bəyəndiyini bildirib, 12,3% isə qismən bəyənmir.

Hökumətin fəaliyyətinə gəlincə, respondentlərin 10,8 faizi bundan tam razı olduğunu, 42,9 faizi isə tam əksini bildirib. Bununla yanaşı, respondentlərin 21,9%-i icra hakimiyyətinin fəaliyyətini qismən bəyəndiyini, 11,8%-i isə qismən bəyənmədiyini deyib.

Bu göstəricidə ən böyük fərq Ermənistan Parlamentinin fəaliyyətindədir: onun işini tamamilə bəyənməyənlərin sayı (50,9%) onu dəstəkləyənlərin (5,9%) sayından 9 dəfə çoxdur.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan da mənfi qiymət alıb: rəyi soruşulanların 42,4%-i onun fəaliyyətini bəyənmir, 8,5%-i isə bəyənir.

Sorğu aprelin 26-30-da bütün Ermənistanda telefon zəngləri vasitəsilə aparılıb, sorğuda 1100 nəfər iştirak edib.