Sənətkar doğum günündə ölkə.az-ın bir neçə sualını cavablandırıb.
– Akif bəy, 71 yaşın əhval-ruhiyyəsi necədir?
-Yetmiş yaşa qədər ölüm haqqında demək olar ki, düşünmürsən. Bəlkə, yaşdan-yaşa, yaxud hansısa hadisə baş verəndə ölüm yadına düşür. Amma yetmişdən sonra elə gün yoxdur ki, ölüm haqqında düşünməyəsən. Bu ona görədir ki, insan haqdan gələndən qorxmamalıdır.
– Belə anladım ki, son bir ildə bu haqda hər gün düşünürsüz…
– Əlbəttə, hər gün ölüm haqqında düşünürəm. Bu, düşünən beyinə aiddir. Düşünməyən beyin ölüm haqqında düşünəndə başı ağrıyır. Elə insan yüz yaşında da beş yaşında uşaq kimi şeydir. Nəysə…
– İlk təbriki kimdən aldınız?
– İlk təbriki ailəmdən, övladımdan aldım.
– Elə bir insan varmı ki, ondan təbrik umursunuz?
– Heç kimdən heç nə ummuram. Zəng edən də, mesaj göndərən də, göndərməyən də sağ olsun.
– Yəqin ki, məlumatlısınız, bu gün daha bir böyük sənətkarın doğum günüdür. Eyni gündə, eyni ildə anadan olmusunuz.
– Bilirəm, Rasim Balayevin də 71 yaşı tamam olur. Rasimlə münasibətlərimiz çox yaxşıdır.
– Çox güman ki, bu gün təbrikləşəcəksiz.
– Təbrikləşməsək də, onun xətrini çox istəyirəm, böyük sənətkardır.