“Gərgin iş gününün sonunda yorğunluq hissi yaranır, bu, əslində vitamin çatışmazlığından qaynaqlana bilir. Hətta vitamin çatışmazlığı insanda bədən ağrılarına səbəb ola bilir”.
Bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
O bildirib ki, bu kimi hallarda diaqnoz əsasında orqanizmin tələbatına uyğun olaraq A, D, E vitaminlərinin qəbulu çox önəmlidir.
Həkim onu da qeyd edib ki, vitamin çatışmazlığının simptomlarını hər kəs az-çox müşahidə edə bilsə də, həkim nəzarəti olmadan vitamin qəbulu düzgün deyil:
“Bu simptomlar müxtəlif xəstəliklərin ilkin əlamətləri də ola bilər. Bunu isə insan özü müəyyən edə bilməz. A, D, E, B vitaminləri özbaşına qəbul edilə bilməz. Halsızlıq minimum 30 xəstəliyin simptomu ola bilər. Əgər dəqiq diaqnoz qoyulmadan insan hər hansı vitamin qəbuluna başlayırsa və orqanizmin bu vitaminə ehtiyacı yoxdursa, bu, özlüyündə intoksikasiyaya gətirib çıxara bilər. Bu isə bədənə ziyandır. Normadan artıq qəbul edilən heç nə orqanizmə fayda verməz”.