Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq və Dəmirli yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri ekoaksiya 76 gündür davam edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himninin səsləndirilməsi ilə açıb, milli ruhda mahnılar ifa ediblər.
Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçılar tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Gənc fəalların dinamik və olduqca coşqulu görünmələri onların tələblərində israrlı olduqlarını göstərir.
Ekofəallar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Bildirirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən aksiyanın təşkil olunduğu Laçın-Xankəndi yolundan hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 40 avtomobil maneəsiz keçid edib.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.