Deputat: “Bələdiyyələrin cəmiyyətdə nüfuzu yoxdur”

0
225

“Bu gün gənclər arasında arzu etdikləri iş yerləri ilə bağlı sorğu keçirsək, aldığımız cavablar əsasən xəstəxana, məktəb, polis, dövlət qulluğu və özəl sektor olacaq. Ancaq heç kim bələdiyyədə işləmək istəyində olduğunu deməyəcək. Bax budur cəmiyyətdə bələdiyyələrə olan hörmət və nüfuz”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov parlamentin fevralın 24-də keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, növbəti bələdiyyə seçkilərinə cəmi iki il qalıb:

“Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?! Ona görə də nə qədər vaxt var, bələdiyyə sistemində köklü və əsaslı islahatlar aparmaq labüddür. Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır”.

Spiker Sahibə Qafarova deputatdan bu fikirlərini komitə iclasında səsləndirib-səsləndirmədiyini soruşub:

“Çünki sizin çıxışınızda tənqidi məqamlar var. Bununla bağlı ədliyyə nazirinin müavini Vilayət müəllimə sual vermişdiniz?”

K.Bayramov isə qeyd edib ki, məruzə ilə bağlı təkliflər irəli sürüb.

“Elə komitə iclasında bu məsələləri qaldırsaydınız, daha faydalı olardı”, – S.Qafarova cavabında əlavə edib.