Türkiyəli seysmoloq Doğan Perinçek: “Növbəti dağıdıcı zəlzələ Mərmərə dənizində ola bilər”

0
194

“Növbəti irimiqyaslı zəlzələ Mərmərə dənizində Çanaqqala limanı ərazisində baş verə bilər”.

Bu barədə türkiyəli seysmoloq, professor Doğan Perinçek bildirib.

Ekspertin sözlərinə görə, cənub-şərqdə baş verən zəlzələlər təxminən 470 km ərazini əhatə edib, Mərmərə dənizinin uzunluğu isə 250 km-ə yaxındır. Afterşoklar (əsas zəlzələdən sonra baş verən təkanlar) 6,6 bal gücünə çatıb və demək olar ki, əsas təkana bərabər olub.

“Əhatə dairəsi baxımından bu, yəqin ki, Türkiyədə ilk belə zəlzələdir”, – deyə alim qeyd edib.

O bildirib ki, Ərzincanda baş verən zəlzələ 7,9 bal gücündə olsa da, əhatə dairəsinə görə daha kiçik olub.

Perinçek izah edib ki, faciənin dağıdıcı miqyası təkanların iki qırılma xəttinin qovuşduğu nöqtədə baş verməsi ilə bağlıdır.

“Son 10 gündə Mərmərə dənizi istiqamətindən Çanaqqalada artan seysmik aktivlik müşahidə edirəm”, – deyə o məlumat verib. Doğan Perinçek əlavə edib ki, bu nöqtədən keçən qırılma xətti təxminən 250 ildə bir dəfə 7 bal gücündə zəlzələ yaradır. O, həmçinin xatırladıb ki, sonuncu belə fəlakət 287 il əvvəl baş verib.