Bülbüloğlu yenidən sədr seçildi

0
198

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu yenidən MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin sədri seçilib.

Bu barədə Polad Bülbüloğlu Daşkənddə MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumunun bağlanış mərasimində bildirib. O deyib: “Bu gün mən daha iki il müddətinə yenidən DHƏF İdarə Heyətinin sədri seçildim. Göstərilən etimad və dəstəyə görə həmkarlarıma minnətdarlığımı bildirirəm. Ümidlərinizi doğrultmağa çalışacağam”.

Forum çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və DHƏF İdarə Heyətinin birgə iclası keçirilib.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-cı il mayın 25-də Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış saziş əsasında fəaliyyət göstərir. DHƏF-in ali orqanı – İdarə Heyətidir, onun üzvləri fondun iştirakçısı olan dövlətlərin səlahiyyətli nümayəndələridir.

2010-cu ildən Fondun sədri Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğludur.

Fondun fəaliyyətinin məqsədi mədəniyyət, təhsil, elm, mədəni irsin qorunması, informasiya və kütləvi kommunikasiyalar, idman, turizm, gənclərin təşəbbüsləri sahəsində birgə tədbirlərin (layihələrin) dəstəklənməsi və həyata keçirilməsi yolu ilə MDB-də ümumi humanitar məkanın və mədəniyyətlərarası dialoqun inkişafına kömək etməkdir. DHƏF layihələri MDB-nin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq sahəsində ikiillik prioritet tədbirlər planında, MDB-də ən mühüm yubileylərin, tematik humanitar illərin hazırlanması və qeyd edilməsinə dair fəaliyyət planlarında mühüm yer tutur. Bütün Birlik ölkələrinin təşkilatları tərəfindən DHƏF-ə təqdim edilən layihələr MDB-də humanitar sahənin və əməkdaşlığın milli inkişafı prioritetlərini əks etdirir