Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının sayı artmaqda davam edir.
Paytaxt Bakıdan aksiyanın keçirildiyi əraziyə ictimai fəalların axını genişlənib.
Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Onların mənəvi-psixoloji durumları yüksək səviyyədədir.
İştirakçılar Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.
08:34
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
48 saata yaxın davam edən aksiyada yüzlərlə fəal iştirak edir.
Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.