Xankəndi yolundakı aksiyanın təşkilatçısı kimlərdir və hədəflər nədir?

0
184

Şuşa yolunda keçirilən aksiya ilə bağlı ermənilərlə yanaşı, bizdən olanlar da müəyyən fikirlər, fərziyyələr irəli sürür və iki əsas tezis üzərindən çıxışlar edirlər:

– Aksiyanın təşkilatçısı Azərbaycan iqtidarıdır;
– Baş verənlər Rusiya sülhməramlılarının bölgədə daha uzunmüddətli qalmasına şərait yaradacaq;

Birinci tezisi erməni mediası artıq tirajlayır və hədəfləri də məlumdur: beynəlxalq ictimaiyyətdə “Azərbaycan hakimiyyəti Qarabağdakı ermənilərə qarşı “humanitar soyqırımı” törədir” rəyini yaratmaq və Bakıya təzyiqlər etməklə prosesin qarşısını almaq;

Ötən ilin qışında Xankəndinin qaz təchizatında problem yarananda da eyni kampaniyadan istifadə etdilər, indi də təkrarlayacaqlar. Və hazırki situasiyada belə bir kampaniya Rusiyanın da marağındadır.

“Bizimkilərin” eyni tezisi irəli sürməsinin birdən çox səbəbini qeyd etmək olar:

– Siyasi mövqeyinə görə “fərqli mövqe” sərgiləmək istəyənlər;
– Siyasi hakimiyyətin nəticə əldə etməsini istəməyənlər;
– Hər şeyə müxalif olmaq məcburiyyətini yaşayanlar və s;

Aksiyanı Azərbaycan hakimiyyəti təşkil edib?

Bu, hakimiyyətin yox, dövlətin məsələsidir və dövlət lazım olanda bütün kartlarda istifadə edə bilər. Və əslində dövlət müharibədən sonra rus sülhməramlılarına, erməni separatçılarına qarşı ictimai qəzəbin praktiki mərhələyə keçməsinə imkan yaratdı, yaxud ilk dəfə qarşısını kəsmədi. Və aksiyaya verilən ictimai dəstək də göstərir ki, dövlət “hə” desə bu xalq ələ-ələ verib Şuşanın dağlarından Xankəndinin mərkəzinə qədər enə biləcək potensiala malikdir. Bu baxımdan, kiminsə nəyisə “təşkil etməsinə” ehtiyac yoxdur əslində.

Aksiya sülhməramlıların “əlini gücləndirəcək?”

Bu fikir “sülhməramlılar göstərəcək ki, azərbaycanlılarla ermənilər arasında problem davam edir və onlara ehtiyac var” formasında təzahür edir. Hətta konsriologiyanın gücünə baş vurub baş verənləri “Bakı-Moskva anlaşması” kimi təqdim edənlər də var. Hərçənd, bu yanaşmalar banallığı ilə daha çox seçilir.

Birincisi, Azərbaycan ictimai rəyində heç bir inama sahib olmayan sülhməramlıları “müdafiə etdikləri” ermənilər arasında da nüfuz itkisi ilə üzləşir: ermənilər görür ki, Bakı bu və ya digər formada istədiyini edir, sülhməramlılar isə baş verənlərin qarşısını almaq gücündə deyil;

İkincisi, aksiya sülhməramlıları – Rusiyanı çətin vəziyyətə saldı:

– irəli sürülən tələbləri yerinə yetirməsələr, yolun aça bilməyəcəklər və bu, bölgədə qalma səbəbləri olan ermənilərin onlara qarşı “etimadı”nı zəiflədir;
– tələbləri yerinə yetirsələr, ermənilərin yaşadığı ərazilərdə Bakının hakimiyyətinin 

ilk praktiki nəticəsi ilə üzləşəcəklər, eyni zamanda, bu, sonrakı proseslərdə eyni taktikanın işləməsinin yolunu açacaq;
– aksiyanın dayandırılmasına müdaxilə edə bilmirlər, bu baxımdan, irəli sürülən tələblərin qəbul ediləcəyi gözləntisi daha böyükdür, sadəcə olaraq, hazırda ruslar vəziyyətdən daha az itki ilə çıxmağın yollarını axtarır;

Üçüncüsü, sülhməramlı adını daşıyan rus qüvvələrinin təxribatlarına qarşı mövcud şərtlərdə atıla biləcək ən doğru addım da budur və hadisələrin inkişafı nəticənin əldə ediləcəyi fikrini ön plana çıxarır;

Və bütün bunlar həm də Rusiya qüvvələrinin zamanı çatanda bölgədən çıxarılması ssenarisinin məşqidir.