XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayıb – FOTO

0
585

Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ rayonu yenidən musiqisevərləri öz ətrafına toplayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən XI Beynəlxalq Musiqi Festivalının ilk konserti gənc musiqiçilərin ifası ilə tarixə düşüb.

Proqrama uyğun olaraq iyulun 31-də Qəbələ Mədəniyyət Mərkəzinin səhnəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konserti olub. Gənc istedadlı dirijor Cavad Tağızadənin müşayiəti ilə keçirilən konsertdə Avropa və Azərbaycan bəstəkarlarından S.Prokofyev, C.Puccini, K.Sen-Sans, S.Raxmaninov, F.Bədəlbəyli, V.A.Motsart, Ü.Hacıbəyli, F.Əmirovun əsərləri səsləndirilib. Konsert proqramı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Festivalın açılış mərasimi avqustun 1-də axşam saat 21:00-da Heydər Əliyev Konqres Mərkəzində olacaq.

Qeyd edək ki, avqustun 5-dək davam edəcək beynəlxalq musiqi festivalında bir neçə ölkədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər iştirak edəcək.