Rasim Məmmədov ictimaiyyətə səslənir

0
2429

“Azərbaycana düşmən qüvvələrin ölkə ictimaiyyətinin mənəviyyatına zərbə vurmaq niyyəti “Sonanın uşaqları”nın bizi xarici ölkələrdə gözdən salan əməlləri ilə həyata keçirilir”.
Bu sözləri Azərbaycanın tanınmış ictimai xadimi Rasim Məmmədov deyir.
Qeyd etməliyik ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov son illər ölkəmizdə ictimai nəzarətin gücləndirilməsi, sabitliyin qorunması, mədəni-ictimai siyasətin təbliğatı istiqamətində həyata keçirilən sosial-mənəvi tədbirlər, rüşvətxorluq və korrupsiya qarşı sərt çıxışları ilə minlərlə insanın rəğbətini qazanmışdır.
Rasim Məmmədovun son vaxtlar xarici ölkələrdə azərbaycanlılara qarşı baş verən bir sıra xoşagəlməz insidentlərlə bağlı narahatçılığından doğan fikirlərini ölkə ictimaiyyətinin nəzərinə çatdırırıq:
“Ölkəmizin dünya dövlətləri içərisində həyatın bir çox sahələrini əhatə edən fundamental sıçrayışının bəzi bədxah qüvvələrin gözünə od düşməsinə səbəb olması göz qabağındadır.
Təəssüf ki, dünya yaranandan bəri xeyirlə şərin hakim kəsildiyi həyatımızda şər qüvvələrlə mübarizə bir çox yaşam istəklərimizə maneə törədir. Əsas odur ki, bu mübarizədəki qalibiyyət anlarımızdan doğan ümid, sevinc və mübarizəyə davam enerjimiz, niyyətlərimiz, əməllərimiz heç bir zaman insanları tərk etməsin.
Həyatım boyu insanların normal yaşamasına əngəl törədən ünsürlərə qarşı qarşı bacardığım qədər mübarizə aparmağa çalışmışam.
Problemlərin heç də az olmadığı bir zamanda öz övladlarımızın, soydaşlarımızın mənfi xarici təbliğat və təşviqat burulğanına düşməsinə də biganə qala bilməzdim.
Söhbətimin əvvəlində “Sonanın uşaqları” sözünü təsadüfü işlətmədim. Bu söz xalqımızın dilində uzun illərdir ki, davakar, pis vərdişləri olan insanlara aid edilir. Bu cür insanlar təəssüf ki, aramızda çoxdur. Və xalqımıza düşmən qüvvələr də məhz millətinə düşmən kəsilən, mənəviyyatı olmayan insanlar axtarışında “Sonanın uşaqları”nı tapır.
Zaman-zaman ağaca vurulan baltanın qulpunun özündən olmasının şahidi oluruq. Bunun qarşısını almaq üçün nə etməliyik? Təbii ki, bu məsələdə təbliğat xarakterli çıxışlar birinci yerdə durur.
Hər zaman ölkəmizi dünya ictimaiyyətinin gözündən salmaq istəyən əsas qüvvələr mənfur erməni təbliğatı ətrafında birləşmişdir.
Bu gün artıq bu mənfur təbliğatda öz soydaşlarımızın da alət olması çox acınacaqlıdır. Təbliğat xarakterli çıxışların insidentlərlə müşayiət olunması isə xalqımızın hər bir üzvünün, bu təbliğata yol verənlərin, səbəb olanların ailə üzvlərinin, yaxınlarının, dünya ictimaiyyətinə və əlaqədar orqanlara müraciətinin vacibliyi məsələsini ortaya çıxarır.
Azərbaycana qarşı qərəzli mövqedə duran bu təşkilatların müxalifət dairələrimizlə əlaqəsi də heç kəsə sirr deyil.
O da hər kəsə məlumdur ki, ölkəmizdəki demokratik cəmiyyət quruculuğu vətəndaşlarımızın marağına xidmət edir.
Azərbaycan dövləti rəhbərliyinin bütün sahələrdə tarix boyu görünməmiş nailiyyətlərə yiyələnməsi, xalqın rifahının yaxşılaşdırılması yolunda atdığı addımlar buna sübutdur.
Haqq səsimizin daha yüksəklərdən eşidilməsi və bədxah səsləri yox etməsi üçün hamımız əl-ələ verməliyik, hər birimiz səsimizi ucaltmalıyıq, laqeydlikdən qurtulmalıyıq.
Onu da xüsusi qeyd etməliyəm ki, ölkəmizin rəhbərinin, Heydər Əliyev Fondunun siyasətçilərimiz, media strukturları, QHT-lərlə birgə işləməyə can atdığı bir vaxtda ictimaiyyətin fəallığının artırılmasına geniş yollar açılmışdır. Bir sıra tədbirlərə ev sahibliyi edərək, bir sıra beynəlxalq layihələrin iştirakçısı və təşkilatçısı olaraq ölkənin imicinin bu qədər yüksəkliyə qaldırılmasından, bir sıra nüfuzlu təşkilatlarda söz sahibi olmasından məmnun qalmayan dairələrin çirkin əməllərinin qarşısını yalnız xalqın birliyi ala bilər.
İnsanları təxribata meyilləndirən, bütün hadisələrin səbəblərini hakimiyyətin üzərinə yıxmaq istəyənlərin məkrli siyasətlərinin ölkə xaricindən maliyyətləşdirilməsinin mahiyyətini öyrənməyə çalışaq.
Bir sözlə gəlin daha çox öyrənək, məlumat alaq, sonra kimin tərəfində olacağımıza və kiminlə, necə mübarizə aparacağımıza qərar verək.

“ictimaixeber.az”