“Beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyasının efirində jurnalistin suallarına cavab verərkən deyib.
N.Paşinyan xatırladıb ki, Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.
“Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. 2007-ci ildə tanıdı. Bunu nə vaxta qədər təsdiqləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox? Bəlkə bütün problemlərimiz özümüzdən irəli gəlir. Bunu görmürəm”, – Paşinyan Ermənistan İctimai Televiziyasının efirində deyib.
Jurnalistin rəsmi Bakının Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə istinad edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sualına Paşinyan belə cavab verib:
“Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.
Ermənistanın baş naziri əlavə edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur və illüziyalara qapılmaq lazım deyil.