İlham Əliyevin Səmərqənddə verdiyi mühüm mesajlar – Türk dünyası üçün yeni “Yol xəritəsi”

0
210

Prezident İlham Əliyevin Səmərqəndə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı mühüm məqamlarla zəngin idi, xüsusilə türk dünyası coğrafiyasının gələcəyi baxımından.

Dövlət başçısı Türk dünyasının dərin inteqrasiyasının əhəmiyyətindən və Azərbaycanın bu işə verdiyi töhfəsindən bəhs edib. Tarix təsdiq edir ki, türk coğrafiyasında birliyə nail olunmasında Azərbaycanın xüsusi rolu var.

Bu proses Naxçıvan Zirvəsində başlanıb. 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişi imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan sazişin məqsədi iştirakçı dövlətlər arasında əməkdaşlığın artırılmasıdır. Bununla yanaşı, Türk Şurası adlı beynəlxalq təşkilatın yaradılmasına qərar verildi.

Naxçıvan Zirvəsindən sonra təşkilatın güclənməsi və inkişafı xüsusi xətlə seçilir. Daha sonra Özbəkistan Türk Şurasına üzv oldu, o cümlədən, Macarıstan müşahidəçi üzvlüyə qəbul olundu və bununla təşkilatda türkdilli olmayan ölkələrin də təmsilçiliyi presedenti yaradıldı.

Prezident İlham Əliyev Naxçıvan Zirvəsində çıxışı zamanı təşkilatın gələcəyi ilə bağlı mühüm təkliflərlə çıxış etdi və türk dünyasını birliyə dəvət etdi.

“Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır – təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcək. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir. Dünən və bu gün hesab edirəm ki, türkdilli ölkələrin daha da sıx birləşməsi üçün çox vacib addımlar atılmışdır. Bizim bir yerdə olmağımız, qədim Azərbaycan torpağı olan Naxçıvanda yığışmağımız, ikitərəfli formatda aparılan danışıqlar, bugünkü zirvə görüşü və zirvə görüşünün nəticəsi olan imzalanacaq vacib sənədlər bizim birliyimizi daha da gücləndirəcəkdir. Bu, bizim arzumuzdur və mən əminəm ki, biz bütün arzularımıza çatacağıq”, – dövlət başçısı bildirmişdi.

Tarix, Prezident İlham Əliyevin nə qədər uzaqgörən olduğunu təsdiq etdi. Bunu türk dünyasının mövcud birliyi fonunda daha aydın görmək mümkündür. Və danılmaz faktdır ki, bu birliyə nail olunmasında Azərbaycan liderinin əməyi, rolu böyük olub.

Prezident Səmərqənd çıxışında türk dünyasında atılması vacib olan məsələlərdən də danışdı.

“Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”, – dövlət başçısı qeyd etdi.

Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri də türk dövlətlərinin sərhədlərindən kənar yaşayan soydaşlarımızın problemlərini təşkilatın gündəliyinə gətirilməsi oldu və bununla Cənubi Azərbaycandakı soydaşlarımızın da hüquqlarını beynəlxalq gündəliyə daşıdı.

Azərbaycan liderinin verdiyi mesajlar tarixi əhəmiyyətə malikdir.

“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir” sözləri ilə başqa ölkələrdə yaşayan soydaşlarımızın olduğunu vurğuladı.

Əlavə etdi ki, gənc nəslin yaşadıqları ölkələrdə öz ana dilində təhsil almaq imkanı olmalıdır: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.

Bununla Cənubi Azərbaycandakı soydaşlarımızın üzləşdiyi problemləri dilə gətirdi.

“Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır, bu istiqamətdə lazımi addımlar atılmalıdır. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır” sözləri ilə bu problemləri Türk Dövləti Təşkilatının gündəliyinə daxil etdi, o cümlədən, Təbrizin də türk coğrafiyasının bir parçası olduğunun, təşkilatın bu istiqamətə diqqət ayırmasının vacibliyinin mesajını verdi.

Azərbaycan lideri cənubdakı soydaşlarımıza dəstəyin davam etdiriləcəyini də elan etdi.

“Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”, – dövlət başçısı bəyan etdi.

Və bununla cənubdakı soydaşlarımıza “yanınızdayıq” mesajını da verdi.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki quruculuq işlərindən də bəhs etdi. Ən mühüm məqam digər türk dövlətlərinin başçılarının da Qarabağa və Şərqi Zəngəzura səfərə dəvət etməsi idi.

İndiyə qədər Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan işğaldan azad edilmiş ərazilərə səfər edib: Ərdoğan Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub. Prezident İlham Əliyev digər türk dövlətlərinin rəhbərləri də səfərə dəvət edib.

Azərbaycan liderinin “Müdafiə, təhlükəsizlik və hərbi sənaye yeni əməkdaşlıq sahəsi kimi inkişaf etməlidir” mesajı da ən vacib məqamlardandır. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır.

Naxçıvan Zirvəsindən başlanan dövrə baxdıqda, türk coğrafiyasının böyük inkişaf yolu keçdiyini və dərin inteqrasiyaya nail olduğunu deyə bilərik. Bu nailiyyətlərdə mühüm rol oynayan Prezident İlham Əliyevin Səmərqənd Zirvəsindəki çıxışını türk coğrafiyasının daha da güclənməsi üçün yeni “Yol xəritəsi” də hesab etmək olar.