Anar Məmmədov: Qubadlının yenidən qurulacağı, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqları gün uzaqda deyil

0
161

Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin 2 ili tamam olur. Qubadlının azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur. Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda texnikasını məhv edən ordumuz müxtəlif texnikalar ələ keçirməklə ondan sonrakı döyüşlərdə işğalçı orduya qarşı istifadə etdi. Qubadlının azad edilməsi Ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı, Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu və Laçının cənub hissəsində yerləşən ərazilərimizi də azad etdik. Beləliklə də Laçın dəhlizi bizim nəzarətimizə keçdi və bu, müharibənin taleyinin həll edilməsi demək idi. Çünki düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işlərinin aparıldığını diqqətə çatdıran A.Məmmədov mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyatın qayıtdığını qeyd edib. Düşmən üzərindəki tarixi qələbəmizdən sonra dövlətimizin başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. “Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. Ötən il Qubadlının azad olunmasının bir ili münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olunmuş ərazilərimizə səfər etdi. Rayon ictimaiyyəti nümayəndələri ilə görüşdə hazırda Qubadlıda görülən işlər və gələcək planlarla barədə danışıldı. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qubadlının yenidən qurulacağı, tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqları gün uzaqda deyil. Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı da tezliklə bərpa olunacaq, öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar.