BDU-da tədbir: Milli-mənəvi dəyərlərimiz varlığımızdır

0
201

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi və “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) birgə təşkilatçılığı ilə “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz varlığımızdır” mövzusunda tədbir keçirilib.
Bu barədə BDU-dan məlumat verilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü Günay Hacıyeva layihə haqqında məlumat verib. Qeyd edilib ki, öz tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər tarixi prosesdə “əriyib” yox olur və tarix səhnəsindən birdəfəlik çıxırlar. Ona görə də bir xalqın mövcudluğunun qorunub saxlanması üçün hər şeydən öncə onun milli-mənəvi dəyərlərini qorumaq lazımdır.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, hər bir ölkə və xalq milli-mənəvi dəyərləri hər şeydən üstün tutmalı, bu dəyərləri hər zaman qorumalıdır. “Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrin, milli mentalitetimizə xas olmayan dəyərlərin ölkəmizə idxalı deyil. Biz qloballaşma deyəndə beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə, ulu öndər Heydər Əliyevin bizə əmanət etdiyi azərbaycançılıq məfkurəsinə sahib çıxmağı, milli kimliyimizi qorumağı nəzərdə tuturuq”.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi Elgiz İmanlı, İqtisadi Araşdırmalar və Təhlil Mərkəzinin rəhbəri Radil Fətullayev, DİNİB idarə heyətinin üzvü Aydın Talışinski çıxış edərək Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunub saxlanılmasına və dünyada təbliğinə xüsusi əhəmiyyət verirlər.
Görüş diskussiya şəklində davam edib, tələbələrin sualları cavablandırılıb.