Regionlarda şəhid ailələri və müharibə əlillərinə 60 fərdi ev verilib

0
177

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq, bu gün ölkəmizin 24 rayonunda (Biləsuvar, Sabirabad, Zərdab, Salyan, Beyləqan, Ağsu və s.) 60 fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Biləsuvar rayonunda şəhid ailələri və müharibə əlillərinə yeni fərdi evlərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov təqdim ediblər.

Bu gün ölkəmizin müxtəlif bölgələrində təqdim edilən 60 fərdi ev də daxil olmaqla şəhid ailələri və müharibə əlillərinə postmüharibə dövründə 3900, ümumilikdə ötən dövrdə 12900-dən çox mənzil və fərdi ev verilib.

Şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 900-dən çoxu təqdim edilib. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. Yeni fərdi evlərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.