Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.
R.Mehdili qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan varis olduğunu təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:
“Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o, banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər”.
Qeyd edək ki, iki yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.
12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Şəhidlər xiyabanında dəfn olunub. 24 yaşlı şəhidin dəfn mərasimində böyük izdiham yaşanıb.