Azərbaycan Ermənistana münasibətdə qeyd-şərtlə iki konvensiyaya qoşuldu

0
207

Azərbaycan Ermənistana münasibətdə qeyd-şərtlə iki konvensiyaya qoşulub.

Bununla bağlı Milli Məclisin iclasında “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını nəzərdə tutur.

Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

İclasda “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi də müzakirə edilib.

Konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur. 
Azərbaycan bu konvensiyaya da Ermənistana münasibətdə məlum qeyd-şərtlə (konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər) qoşulur.

Müzakirələrdən sonra sənədlər səsə qoyularaq qəbul edilib.