Bakıda elana aldanan kişi yeni fırıldaq mexanizminin üstünü açdı

0
275

Vətəndaş tikinti materialı almaq istəyərkən aldanıb. 

O bildirib ki, elan saytlarının birində tikinti materiallarının daha ucuz qiymətə satış məlumatı paylaşılıb:

“Saytda yerləşdirilən nömrə ilə əlaqə saxlayıb, bazar qiymətindən ucuz satılan qaz borusunu almaq istədiyimi bildirdim. Adını Loğman kimi təqdim edən şəxs materialın Goranboy rayonunun Dəliməmmədli kəndində olduğunu bildirdi. Mənə də 250 metr boru lazım idi. Bildirildi ki, 700 metrlik boru var, onun 400 metrini Bakıdan alıblar, 300-ü isə qalıb.

Mənə dedilər ki, Bakıya gələn maşın var və sürücü ilə məni əlaqələndirdilər. Sürücü dedi ki, maşında yer var və əlavə qazanc üçün materialı gətirə bilər. Elə inandırıcı danışdılar ki, mən də inandım. Malı satan şəxsə ödənişi Bakıda bir nəfər tanışına verə biləcəyimi bildirdim.

O, razılaşmadı və ödənişi karta köçürməyi xahiş etdi. Mən də karta 1000 manat yüklədim.

Davamlı sürücü ilə əlaqə saxlayırdım. Deyirdi, yoldayam, gəlirəm. Ən son dedi ki,  Hacıqabuldayam və malları götürmək üçün ünvan dedi. Əraziyə getsəm də, həmin adama zəng çatmadı”.

Şikayətçi bildirib ki, məsələ barədə polisə müraciət edilsə də, məsələyə baxmır.

Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın şikayəti Xətai Rayon Polis İdarəsinin 36-Polis Bölməsində icraata qəbul edilib:

“Araşdırmalar aparılır”.