Türkiyə Avarçəkmə Federasiyasının rəsmisi: “Mingəçevirə dünya və Avropa çempionlarımız gəliblər” – FOTO

0
299

“Azərbaycan xalqına və Mingəçevir əhalisinə təşəkkür edirəm. Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu yarışa dəstək olduğu üçün minnətdaram”.

bunu azad olunmuş torpaqlarımızda keçiriləcək ilk beynəlxalq turnirin – “Prezident kuboku-2022”nin bu gün Mingəçevirdə baş tutan paradından sonra Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü, Etika Komitəsinin sədri Bülənt Ərən deyib. 

O bildirib ki, Azərbaycanda olduqları üçün çox şaddır:

“Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaq. Biz burada bir daha anladıq ki, həqiqətən biz bir millət, iki dövlətik. Yaşasın Azərbaycan, yaşasın Türkiyə! “Prezident kuboku-2022”yə gələn idmançılarımız son olaraq Xorvatiyanın paytaxtı Zaqrebdə iştirak ediblər. Dünya və Avropa çempionatlarının qalibləri olan yığma üzvləridir. Bu yarışda da uğurlu nəticəyə ümid edirik”.

Türkiyə millisinin avarçəkəni Ali Asaf Çiftçi isə çempion olmaq istədiyini bildirib:

“Hava Limanından başlayaraq bizi gözəl qarşıladılar. Təşkilatçılıq çox yaxşıdır. Buradakı hədəfimiz əlimizdən gələnin ən yaxşısını edib, birinci olmaqdır”.  

“Ay-ulduzlular”ın kanoeçisi İrəm Uzun da uğurlu çıxışa ümid edir:

“Çox gözəl qarşılandıq. Hamı çox həyəcanlıdır. Burada olmaqdan çox qürurluyuq. Ümid edirəm ki, ölkəmizi layiqincə təmsil edəcəyik. Onun üçün buradayıq. Azərbaycana ilk dəfə gəlirəm. İnsanları çox mehriban, qonaqpərvərdir”.

Qeyd edək ki, “Prezident kuboku-2022”nin açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.