Karateçilərimiz Kiprdə dörd medal qazandılar

0
247

Aşağı yaşlı karateçilərimiz Kiprin Limassol şəhərində Karate1 Gənclər liqasını dörd medalla başa vurublar. Mükafatların ikisi qızıl, bir o qədəri də gümüşdür.

Bu barədə Azərbaycan Milli Karate Federasiyası məlumat yayıb.

Qızıl medallara Salman Salmanov və Vüsal Qənbərov (hər ikisi U14) sahib olublar. Onlardan əvvəl isə gümüş mükafatları 14-15 yaşlı yeniyetmələrin yarışında Rəşid Süleymanov (-70 kq) və Rahib Əzim (70+ kq) qazanıblar.  

Aprelin 29-dan mayın 5-dək keçirilən Karate1 Gənclər liqasında 51 ölkədən 1612 karateçi iştirak edir.

14-15 yaşlı yeniyetmələri, 16-17 və 18-21 yaşadək gəncləri iyunda Çexiyanın paytaxtı Praqada Avropa çempionatı gözləyir. Müxtəlif yaşlı milli komandanın üzvləri bu qitə çempionatına baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata), eləcə də böyük məqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və İsmayıl Quliyevin rəhbərliyi altında hazırlaşırlar.