Azərbaycanda hərbi cinayətlər azalıb

0
308

Hərbi Prokurorluqda kollegiya iclası keçirilib

Ötən il qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz azalıb.

Bu barədə Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib. 

Humanistliyin ölkəmizdə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayan Xanlar Vəliyev Vətən müharibəsində qazanılan tarixi Qələbənin – Zəfər Gününün birinci ildönümü ərəfəsində bu Qələbənin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərardan söz açıb. Bildirib ki, 2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib. Eyni zamanda, bu dövrdə prokurorların iştirakı ilə hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində və prokurorluğun prosessual rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən 114 şəxs barəsində amnistiya aktı tətbiq olunub.