Yanardağ yaxınlığında dağ massivi yarılır – İDDİA

Abşeron rayonunun Digah qəsəbəsində Yanardağ ətrafında dağ massivinin qanunsuz şəkildə yarılması iddia edilib.

Bu barədə sosial şəbəkədə paylaşım edilib.

İddia olunub ki, ərazidə torpaq və daş kütlələrinin kütləvi şəkildə çıxarılması prosesi aparılır və bu işlər sıravi şəxslər tərəfindən deyil, müəyyən nüfuzlu şəxslərin himayəsi altında həyata keçirilir.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi Yanardağ ərazisi deyil.

“Vətəndaş Hənifə Əlihəsən qızı Bayramovanın mülkiyyətində olan 80 sot yaşayış məntəqəsinin torpaqlarında hazırda mövcud olan qeyri-yaşayış sahəsinin – anbar və ofis binasının yenidən qurulması işlərinin aparılması aşkar olunub. Əlavə olaraq bildiririk ki, vətəndaş Hənifə Bayramova tərəfindən də Tikintilərin Dövlət Reyestrinə tikinti icazəsinin alınması ilə bağlı müraciət olunub”, – deyə məlumatda bildirilib.