Xalq artisti Sadıq Zərbəliyev – səhnənin ritmi, millətin nəfəsi ilə yoğrulmuş şərəfli ömür yolu – Video

Azərbaycan musiqi sənətinin zəngin ənənələri əsrlər boyu ustad sənətkarların əməyi ilə yaşadılıb və inkişaf etdirilib. Bu ənənələrin layiqli davamçılarından biri, qoşanağara sənətinin görkəmli nümayəndəsi, Azərbaycan mədəniyyətinin inkişafında silinməz iz qoymuş Sadıq Zərbəliyev bu gün öz doğum gününü qeyd edir.
1951-ci il aprelin 11-də Kürdəmir rayonunda musiqiçi ailəsində dünyaya göz açan Sadıq Zərbəliyevin sənətə olan sevgisi uşaqlıq illərindən formalaşıb. Atasının zurna-balaban ifaçısı olması, qardaşı Ağabəyin isə xanəndə kimi tanınması onun musiqi dünyasına bağlanmasında mühüm rol oynayıb. Bu ailə mühiti gələcək sənətkarın istedadının üzə çıxmasına və inkişaf etməsinə güclü təkan verib.

 
Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Sadıq Zərbəliyev, xidmətini başa vurduqdan sonra Bakıya gələrək professional musiqi fəaliyyətinə başlayıb. O, görkəmli sənətkarların sırasında yer alaraq böyük səhnəyə inamla qədəm qoyub. Xüsusilə Baba Salahov ansamblında fəaliyyəti, eləcə də Vəli Qədimov və Aftandil İsrafilov kimi ustadlarla birgə çalışması onun sənət yolunda mühüm mərhələ olub.
1975-ci ildən etibarən isə o, SSRİ Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə uzun illər davam edən yaradıcılıq əməkdaşlığına başlayıb. Bu əməkdaşlıq təkcə sənət birliyi deyil, həm də Azərbaycan musiqisinin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayan bir yaradıcılıq məktəbinə çevrilib.
Sadıq Zərbəliyev öz sənəti ilə yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da böyük uğurlar qazanıb. Amerika Birləşmiş Ştatları, İordaniya, Suriya, Yəmən, Türkiyə, Əlcəzair, Tunis və Hollandiya kimi ölkələrdə çıxış edərək Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edib, milli mədəniyyətimizin zənginliyini dünya auditoriyasına çatdırıb.

 
Onun sənətə verdiyi töhfələr dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülməsi, eləcə də sonrakı illərdə ölkə rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunması onun sənət yolunun parlaq göstəricisidir.
Eyni zamanda, Sadıq Zərbəliyev yalnız səhnə fəaliyyəti ilə deyil, ictimai-mədəni müstəvidə də fəallığı ilə seçilir. O, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəaliyyətində yaxından iştirak edərək milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin təbliği və diaspor arasında birlik ruhunun gücləndirilməsi istiqamətində əhəmiyyətli töhfələr verib. Onun bu sahədəki əvəzsiz xidmətləri yüksək qiymətləndirilərək 2008-ci ildə Mərkəz tərəfindən “Əbədi Lider” qızıl döş nişanı ilə təltif olunub və o, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Fəxri üzvü adına layiq görülüb.

 
Sadıq Zərbəliyev bu gün də sənətinə sədaqətlə xidmət edən, milli musiqimizin ruhunu yaşadan və gələcək nəsillərə ötürən nadir sənətkarlardandır. Onun qoşanağarada yaratdığı ritmlər təkcə musiqi deyil, xalqın ürək döyüntüsü, milli kimliyimizin ifadəsidir.

Hörmətli Sadıq müəllim!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, 
Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayırıq. Qoy sənət yolunuz hər zaman işıqlı, yaratdığınız musiqi isə daim ürəklərdə səslənsin.
Sizin kimi sənətkarlar xalqımızın mənəvi sərvəti, mədəniyyətimizin canlı tarixidir.

Hörmətlə,
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbərliyi və kollektivi adından