WhatsApp sabah milyonlarla smartfonda işləməyəcək – Bu telefonlar dəstəyi itirir

Sentyabrın 8-dən etibarən bəzi köhnə Android smartfonlarında WhatsApp işləməyəcək. Dəyişiklik əməliyyat sistemini daha yeni versiyaya yüksəldə bilməyən cihazlara şamil olunacaq.

Bu barədə “Notebookcheck” məlumat yayıb.

Məlumata görə, WhatsApp Android 5.0 və Android 5.1 Lollipop əməliyyat sistemləri ilə çalışan cihazlara dəstəyi dayandıracaq. Tətbiqdən istifadə üçün minimum Android 6.0 tələb olunacaq.

Telefonu Android 6.0 və ya daha yeni versiyaya yeniləmək mümkün deyilsə, WhatsApp-dan istifadəni davam etdirmək üçün cihazı dəyişmək lazım gələcək.

StatCounter-in məlumatına görə, 2026-cı ilin avqustunda Android 5.0 və 5.1-in payı qlobal mobil internet istifadəsində təxminən 0,6 faiz təşkil edib.

WhatsApp artıq uyğun olmayan cihazların istifadəçilərinə xəbərdarlıqlar göndərir. İstifadəçilərə yeni telefona keçməzdən əvvəl mesaj və media fayllarının ehtiyat nüsxəsini yaratmaq tövsiyə olunur.

Məhdudiyyət iPhone istifadəçilərinə də təsir edəcək. Noyabrın 30-dan WhatsApp üçün minimum sistem tələbinin iOS 15.5-ə qaldırılacağı bildirilir.