Alimlər ailə vəziyyəti ilə demensiya arasında əlaqə aşkarlayıb.
Norveç alimlərinin apardıqları yeni araşdırma göstərib ki, orta yaş dövründə insanın ailə vəziyyəti qocalıqda demensiyaya tutulma ehtimalı ilə əlaqəli ola bilər.
Bu barədə “dailymirror.com” nəşri yazıb.
Nəşr yazır ki, by nəticə onilliklər ərzində izlənilən 8,7 mindən çox Norveç sakininin məlumatlarının təhlili əsasında əldə olunub.
Tədqiqat zamanı iştirakçıların 44-68 yaşlarındakı ailə vəziyyəti 70 yaşdan sonrakı idrak sağlamlığı ilə müqayisə edilib. Alimlər əsasən demensiya və yüngül koqnitiv pozuntuların yaranmasına diqqət yetiriblər.
Evlilərdə risk daha aşağı olub
Araşdırma göstərib ki, demensiyaya tutulma riski bütün müşahidə dövrü ərzində evli olan insanlarda ən aşağı səviyyədə qeydə alınıb. Yaş, cins, təhsil və digər amillər nəzərə alındıqdan sonra belə, heç vaxt evlənməyən və boşanmış şəxslərdə xəstəliyin yaranma ehtimalı daha yüksək olaraq qalıb.
Bununla yanaşı, ailə vəziyyəti ilə yüngül koqnitiv pozuntular arasındakı əlaqənin demensiya ilə müqayisədə daha zəif olduğu müəyyən edilib. Həmçinin həyat yoldaşını itirmiş şəxslərdə evli qalanlarla müqayisədə riskin statistik baxımdan əhəmiyyətli dərəcədə artdığı təsdiqlənməyib.
Səbəblər tam aydın deyil
Alimlər əldə olunan nəticələrə təsir göstərə biləcək digər amilləri də araşdırıblar. Təhsil səviyyəsi, uşaqların sayı, zərərli vərdişlər, yüksək qan təzyiqi, diabet, piylənmə, fiziki aktivlik, psixi vəziyyət və sosial dəstək kimi faktorlar qiymətləndirilib.
Müəyyən olunub ki, nikahda olmamaqla demensiya riski arasındakı əlaqənin bir hissəsi məhz bu amillərlə izah olunsa da, onlar nəticələri tam açıqlamır. Tədqiqat müəlliflərinin hesablamalarına görə, əgər bütün iştirakçılarda demensiya riski daim evli olan insanların səviyyəsində olsaydı, araşdırma qrupunda xəstəlik hallarının sayı təxminən 6 faiz az ola bilərdi.
Bununla belə, alimlər vurğulayırlar ki, bu araşdırma yalnız statistik əlaqəni göstərir və evli olmağın demensiyadan birbaşa qoruduğunu sübut etmir. Səbəb-nəticə əlaqəsini təsdiqləmək üçün əlavə elmi tədqiqatlara ehtiyac var.




