Bu gün – 18 fevral 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası-nın Mərkəzi Elmi Kitabxanasında yazıçı-publisist Səhər Şıxəli Manaf tərəfindən qələmə alınmış “BABƏK-44 TABORU” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi tarixin və qəhrəmanlığın canlı salnaməsi kimi dəyərləndirilən əsərin ictimaiyyətə təqdim olunması ilə yadda qalıb.
Tədbirdə şəhid ailələri, qazilər, millət vəkilləri, elm və mədəniyyət xadimləri, ziyalılar iştirak ediblər. Çıxış edənlər kitabın Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igidlərin şücaət yolunun sənədləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Qeyd olunub ki, “BABƏK-44 TABORU” əsəri yalnız hərbi xronika deyil, həm də vətənpərvərlik ruhunun, milli həmrəyliyin və fədakarlığın ədəbi-bədii ifadəsidir. Kitabda döyüş yoluna işıq salınır, qəhrəmanların xatirəsi ehtiramla anılır.
Təqdimatın sonunda müəllif oxucular üçün kitabı imzalayıb və tədbir xatirə şəkilləri ilə yekunlaşıb.
İnterPosta.info







