Rasim Məmmədovdan Həmid Herisçiyə sərt sözlər: “Azərbaycan çörəyi haramın olsun”

Yazıçı Həmid Herisçinin İranla bağlı çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Real Azərbaycan” xəbər verir ki, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin qurucusu və təsisçisi Rasim Məmmədov yazıçının mövqeyinə sərt münasibət bildirib.

O, özünün “Facebook” hesabında paylaşım edərək Herisçinin çıxışını tənqid edib. Rasim Məmmədov bildirib ki, yazıçının Xomeininin şəkli qarşısında çıxış etməsi və İranın dron hücumları ilə bağlı səsləndirilən ittihamları inkar etməsi cəmiyyətdə narazılıq doğurur.

Məmmədov paylaşımında qeyd edib ki, bir vaxtlar Azərbaycan Respublikası vətəndaşlığından imtina etmək üçün müraciət edən Herisçi bu çıxışı ilə mövqeyini açıq şəkildə ortaya qoyur. Azərbaycan çörəyi haramın olsun!

Onun sözlərinə görə, yazıçının səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sözün məsuliyyəti və yaddaşın qorunması

Ədəbiyyat və söz sənəti təkcə yazmaq bacarığı deyil. Bu, həm də böyük bir məsuliyyətdir. Çünki yazıçı və ya aparıcı cəmiyyətin düşüncəsinə, gənclərin dünyagörüşünə və xalqın tarixi yaddaşına təsir edən bir mövqedə dayanır.

2005-ci illərin ortalarında bir hadisə baş vermişdi ki, bu gün də tez-tez yadıma düşür. Həmin vaxt mənə zəng olunmuşdu və tanınmış publisistlərdən biri vasitəsilə bir neçə qələm sahibi ilə görüşmək təklif edilmişdi. Görüşə gələnlər arasında televiziya və mətbuat mühitində tanınan bir aparıcı-yazıçı da var idi. Onunla birlikdə Qaraca təxəllüsü ilə tanınan bir nəfər də gəlmişdi. O dövrdə onların çap etdirdiyi bir kitab da əlimə keçmişdi. Xalq məsəlləri adı ilə təqdim olunan həmin kitabın dili və üslubu mənə qəribə təsir bağışlamışdı — çünki orada ədəbi etikaya uyğun gəlməyən ifadələr az deyildi.

Biz Bakının 8-ci mikrorayonunda yerləşən restoranlardan birində görüşdük. Söhbət müxtəlif mövzular ətrafında davam etdi. Hətta bir məqamda ölkə və vətəndaşlıq məsələləri barədə də fikirlər səsləndirildi. Mən isə əsasən söz adamının məsuliyyəti haqqında danışdım.

Söhbətin sonunda qədim bir rəvayəti xatırlatdım.

Deyilənə görə, bir padşah günlərin birində adi insan libasında bazara çıxır. Orada qarpız satan bir bostançıya yaxınlaşıb soruşur:

— Sən alverçisən, yoxsa bostançı?

Bostançı cavab verir:

— Bizim yeddi arxa dönəmimiz bostançı olub.

Padşah onu sınamaq üçün bir neçə qarpızı göstərir. Bostançı hər birinin qabığını, tumunu, dadını dəqiq təsvir edir. Qarpızlar kəsiləndə dediklərinin hamısı doğru çıxır. Padşah gülümsəyərək deyir:

— Oğlum, gözəl başın var, heyif ki, onu qarpıza sərf etmisən.

Bu hekayənin mənası sadədir: insanın qabiliyyəti böyük ola bilər, amma onu nəyə sərf etməsi daha böyük məsələdir.

Sonrakı illərdə televiziya ekranlarında bəzi gecə proqramlarını izləyəndə həmin hekayə tez-tez yadıma düşürdü. Bəzən verilişlərdə Azərbaycan tarixinin böyük simaları haqqında mübahisəli və hörmətsiz ifadələr səslənirdi. Xüsusilə də dövlətçilik tariximizin görkəmli şəxsiyyətlərindən biri olan Şah İsmayıl Xətai haqqında deyilən sözlər cəmiyyətdə ciddi narazılıq doğurmuşdu. Klassik ədəbiyyatımızın böyük nümayəndəsi Səməd Vurğun kimi şəxsiyyətlərin də müzakirə olunma tərzi bir çox insanı düşündürürdü.

Halbuki belə adlar Azərbaycan mədəniyyətinin sütunlarıdır. Onlar haqqında danışarkən fikir azadlığı ilə yanaşı, hörmət və məsuliyyət də olmalıdır.

İllər keçdi. Zaman dəyişdi. Amma maraqlıdır ki, bəzən cəmiyyətin tənqid etdiyi belə simalar yenə də müxtəlif qurumlarda vəzifələr alırlar. Bu yaxınlarda həmin aparıcı-yazıçıya Azərbaycan Yazıçılar Birliyində vəzifə verilməsi xəbəri də müzakirələrə səbəb oldu.

Bütün bunlar bir sual doğurur: söz adamı üçün ən böyük meyar nə olmalıdır — şöhrət, vəzifə, yoxsa məsuliyyət?

Ədəbiyyat tariximiz göstərir ki, xalqın yaddaşında qalanlar məhz sözün dəyərini bilənlərdir. Tarixə hörmət edənlərdir. Çünki milli yaddaş yalnız kitablarla deyil, həm də o kitabları yazan insanların vicdanı ilə qorunur.

Bəzən isə insan istər-istəməz həmin köhnə rəvayəti xatırlayır:

Gözəl başın dəyəri onun nəyə sərf olunması ilə ölçülür.

RASİM MƏMMƏDOV

DÜNYA AZƏRBAYCANLILARI MƏDƏNİYYƏT MƏRKƏZİNİN PREZİDENTİ,

İCTİMAİ XADİM, SABİTLİK VƏ İNKİŞAF MƏRKƏZİNİN SƏDRİ