Ona “öldü” demək olmur. O, daim bizimlə yaşayacaq. O, bir insan, sənətkar, müəllim, dost, yoldaş kimi unikal tarix yaratdı.
Onun haqqında bircə kəlmə pis söz deyə bilən bir insan ömür boyu olmadı.
Bu bənzərsiz mədəniyyət xadimi bütün ürəklərdə bənzərsiz məkan qurdu. O, yalnız yaratdığı ilahi rolların siması ilə deyil, bəşəri duyğuların zirvəsini fəth etmiş, qəlblərdə sevgi taxtı yaratmış ən gözəl insandır.
Onun dilindən bircə kəlmə pis söz eşidən olmayıb.
Amma teatr və kino sənətimizin çöküşü ona çox ağır zərbə oldu.
Özünə nə qədər tənqidi yanaşsa da, nə həyatda, nə sənətdə onun təkrarı, bənzəri olmayıb, olmayacaq da.
Bu gün təəssüflər və kədər bizi boğsa da, onun ruhu dünyanın əzabından, imtahanlarından qurtardı.
Buna sevinməliyik…
Amma sevdiyimiz insanlardan əbədi ayrılıq bu sevinci yaşamağa qoymur, sonsuz nisgil və ağrı bizi qucağına alır. Səbr də bizi yalnız ölümdən saxlayır.
Nə edirik belə yaşantını?
Əzab çəkib imtahan vermək üçün gəldiyimiz bu dünyada sevinclərimiz, sevdiklərimiz də olmayacaqsa…
Rasim Balayevlə həyata ən böyük sevgimiz getdi. Bir bənzərsiz, möhtəşəm insan getdi. Amma dünya çox boşaldı — gözəllikdən, insanlıqdan, sevgidən…
Onunla kəlmə kəsməyənlər belə onu özünə doğma hesab edirdi.
Ən dahi insanlar belə onun qazandığı sevgini görmədi. Çünki Allahın ona bəxş etdiyi hər mənada gözəl keyfiyyətlər hər kəsə nəsib olmur.
Ruhu şad olsun.
Sənubər Səhər




