Cəmiyyətimizdə zaman-zaman azyaşlı qızların yaşca xeyli böyük kişilərlə evləndirilməsi halları müşahidə olunur. Bu, təkcə sosial və hüquqi deyil, həm də ciddi psixoloji və mənəvi problem kimi qiymətləndirilməlidir. Uşaqlıq yaşında ərə verilmək bir qız övladının həyatını, şəxsiyyətini, psixikasını və gələcək dünyagörüşünü dərin şəkildə zədələyir. Bəs, valideynləri bu qərarı verməyə nə vadar edir?
Psixoloq A.Orucova bu barədə açıqlama verib
“Valideynlərin azyaşlı qızlarını yaşlı kişilərlə evləndirməsinin arxasında bir neçə psixoloji və sosial səbəb dayanır:
1. İqtisadi çətinliklər və qorxu:
Maddi durumu zəif olan ailələr bəzən azyaşlı qızlarını ərə verməklə “yükdən qurtulduqlarını” düşünürlər. Qızın gələcək rifahını təmin edə bilməyəcəkləri qorxusu onları bu addıma sövq edir. Valideyn beynində “yaşlı, imkanlı biri ona yaxşı baxar” kimi yanlış düşüncə formalaşır.
2. Cəhalət və ənənəvi düşüncə tərzi:
Bəzi bölgələrdə uşaq evliliyi ənənə kimi qəbul olunur. “Bizim vaxtımızda da belə idi” düşüncəsi, valideynləri yanlış davranışa haqq qazandırmağa vadar edir. Onlar qızlarının uşaq olduğunu, hələ şəxsiyyət formalaşmasının tamamlanmadığını dərk etmirlər.
3. Cəmiyyətin qınağından qorxu:
Xüsusilə kiçik yerlərdə “qız evdə qalıb” damğasından qorxan ailələr, qızlarının gənc yaşda ərə verilməsini “nüfuz məsələsi” kimi görürlər. Bu da onların sosial təzyiq qarşısında yanlış qərar verməsinə səbəb olur.
4. Nəzarət və itaət ehtiyacı:
Psixoloji olaraq bəzən valideynlər qız övladını öz iradəsinə tabe saxlamaq istəyir. Yaşlı bir kişi ilə evliliyin, qızın “daha itaətkar” və “sakit” həyat sürəcəyini düşünürlər. Bu, əslində, valideynin nəzarət ehtiyacının və patriarxal düşüncənin təzahürüdür.
5. Təhsil və maarif çatışmazlığı:
Təhsil səviyyəsi aşağı olan ailələr uşaq evliliyinin psixoloji və hüquqi fəsadlarını anlamırlar. Qız uşağının təhsil almasının, özünü tanımasının və həyatda müstəqil qərarlar verməsinin vacibliyi onlara çatdırılmayıb.
Uşaq yaşda evlilik – nə sevgi, nə ailə, nə də gələcək qurmaq anlamına gəlmir. Bu, psixoloji zorakılıq formasıdır. Belə halların qarşısını almaq üçün maarifləndirmə, sosial dəstək proqramları və psixoloji maarifləndirmə işləri zəruridir. Qız uşağı – “ər verilməli yük” deyil, təhsil almalı, öz arzularını reallaşdırmalı bir insandır”.




