ABŞ-ın birinci xanımı Melaniya Tramp haqqında çəkilən sənədli film kinoteatrlarda gözlənilən nəticəni verməsə də, layihə ona böyük məbləğdə gəlir qazandırıb.
Ekran əsəri Donald Trampın yenidən Ağ Evə qayıtmasından əvvəlki son 20 günü əhatə edir. Film dünya üzrə nümayiş olunsa da, izləyici marağının zəif olması səbəbindən kassada uğursuz nəticə göstərib və layihənin maliyyə baxımından gözləntiləri doğrultmadığı bildirilir.
Bununla yanaşı, Donald Trampın təqdim etdiyi son maliyyə hesabatına əsasən, Melania Tramp filmin lisenziya hüquqlarından 10,71 milyon dollar gəlir əldə edib. Bu məbləğ onun hesabat dövründəki ən böyük gəlir mənbəyi kimi göstərilir.
Bildirilir ki, layihəyə ümumilikdə 65,5 milyon avro sərmayə qoyulub və bunun təxminən yarısı reklam və tanıtım işlərinə xərclənib. Buna baxmayaraq, film dünya üzrə cəmi 14,6 milyon avro gəlir əldə edib.
Melaniya Trampın qazancı yalnız bu layihə ilə məhdudlaşmayıb. O, öz adını daşıyan memuar kitabının satışından 521 min dollar gəlir əldə edib. Bundan başqa, NFT kolleksiyası və digər rəqəmsal aktivlərin satışından 6 milyon dollardan artıq qazanc əldə etdiyi bildirilib.
Hazırda isə “Amazon” şirkətinin sənədli filmi daha geniş auditoriyaya təqdim etmək məqsədilə “Prime Video” platformasında yayımını genişləndirməyi planlaşdırdığı qeyd olunur.




