“Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində son 3 ildə Prezidentin imzaladığı bir sıra mühüm sərəncamlar, qanunvericilikdə dəyişikliklər və ən əsası beynəlxalq müqavilələr Azərbaycanı nəinki regionda, hətta dünya miqyasında rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellekt sahəsində aparıcı ölkələr siyahısına daxil edib”.
Bu sözləri açıqlamasında Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, risklərin idarə edilməsi üzrə mütəxəssis Turqay Məhərrəmov deyib.

O bildirib ki, ölkə başçısının təşəbbüsü ilə dövlət qurumlarında rəqəmsal inkişaf sahəsində idarəetməni təkmilləşdirmək, qurumlararası koordinasiyanı təmin etmək və innovasiya ekosistemini gücləndirmək üçün yaradılan müxtəlif vəzifələr neçə illərin mövcud olan ciddi problemini həll etmiş oldu:
“Əvvəllər dövlət qurumlarında mütəxəssislər hər il təkliflər planı hazırlayıb, aidiyyəti üzrə göndərirdilər, lakin əfsuslar olsun ki, edilən müraciətlər lazımi istiqamətə çatdırılanda məsələnin aktuallığı itmiş olurdu. Dövlət qurumlarında bu sahə üzrə yaradılan müvafiq strukturların həll etdikləri problemlərə nəzər salsaq görərik ki, mövcud təkliflər və məsələləri həlletmə metodlarının operativ şəkildə və aktuallığını itirmədən qərarvermə səlahiyyəti olan şəxsə çatması operativ qaydada rəqəmsallaşma və müvafiq mövzuların müzakirələrində, təlimlərdə və digər toplantılarda uyğun səlahiyyətli və sahə üzrə məlumatlı kadrın iştirakı mümkündür. Həmçinin, bununla mövcud mütəxəssislərin motivasiya itkisinin qarşısı da alınmış oldu. Çünki əvvəllər mütəxəssislər işlədiyi lahiyələri bir çox hallarda izah edə bilmədən və geridönüşlər olmadan ixtisaslı olmayan şəxslər tərəfindən əhəmiyyətsiz kimi qiymətləndirilərək ləğv edildiyi hallarla sıx qarşılaşırdılar. İndi isə bu hüquqi əngəllər də aradan qalxır.
Təbii ki, bu siyahını uzada da bilərik, lakin hesab edirəm ki, zəruri problemlər bunlar idi. Ölkə başçısının hər zamankı kimi əhəmiyyətli qərarları ölkəmizdə artıq dalğa effekti yaradaraq bu sahədə yaxşılaşma istiqamətində xeyli nailiyyətlərlə nəticələnib. Bu hissədə kibertəhlükəsizlik istiqamətində pulsuz dövlət proqramları artıq ölkəmizdə yerli və peşəkar, eyni zamanda vətənpərvər kadrların hazırlanmasında da mühüm rol oynayır. Artıq bir çox hallarda təlimlərin təşkili və lahiyələrin icrasında yerli kadrlar iştirak edirlər”.
Nazirlik əməkdaşının sözlərinə görə, süni intellekt sahəsində dövlət başçısının beynəlxalq müqavilələri və bir sıra əhəmiyyətli şirkətlərin ölkəmizə dəvət edilməsi rəqəmsal suverenliyimizin əsasını qoyaraq xarici asılılığı da aradan qaldıracaq:
“Ölkə ərazisində buludəsaslı data mərkəzlərinin yaradılması da məlumat təhlükəsizliyinin əsasını təşkil etməkdədir. Hesab edirəm ki, yaxın 2-3 ildə Azərbaycan artıq beynəlxalq arenada mühüm təcrübəli və bir sıra xarici ölkələrin bizdən məsləhət alması ilə nəticələnərək beynəlxalq arenada mühüm qərarların qəbulunda söz sahibi olacaq”.
“Bu ilin 29 iyununda Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasda Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər kimi əsas məsələlər müzakirə edilib. Bu yöndə Şuranın gördüyü işlər daha staretjidir və bu sahədə uyğunsuzluğun aradan qaldırılmasını, yəni qurumların bir-biri ilə koordinasiyasını həll edir ki, bu da çox vacibdir”, – deyə müsahibimiz əlavə edib.




