“İmperatorun sonu”: Ağ buzlaqların tək sahibləri niyə tarixə qovuşur?

Antarktidada yaşayan imperator pinqvinləri nəsli kəsilmək təhlükəsi altında olan növlərin siyahısına daxil edilib.

Bu barədə Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) məlumat yayıb.

Bildirilib ki, bu növ artıq rəsmi olaraq “təhlükə altında” statusu alıb. Proqnozlara görə, 2080-ci illərə qədər imperator pinqvinlərinin sayı iki dəfə azala bilər. Hazırda onların sayı təxminən 595 min fərd olaraq qiymətləndirilir.

Qeyd olunur ki, yalnız 2009-2018-ci illər ərzində populyasiya 10% azalıb ki, bu da 20 mindən çox yetkin fərdin itirilməsi deməkdir.

Alimlər bu azalmanın əsas səbəbi kimi Antarktidada dəniz buzlaqlarının sürətlə əriməsini göstərirlər. İmperator pinqvinlərinin çoxalması üçün buz örtüyü həyati əhəmiyyət daşıyır. Onlar ilin doqquz ayını sahilə bitişik buzlar üzərində keçirir, balalarını da məhz burada dünyaya gətirib böyüdürlər.

Buzlaqların vaxtından əvvəl parçalanması pinqvin balalarının hələ üzmək üçün lazımi lələk örtüyü formalaşmadan suya düşməsinə və tələf olmasına səbəb olur.