Dövlət Xidmətindən məzuniyyət açıqlaması: Günləri bölənlərin pulları necə ödənilir? 

İşçilər adətən yay mövsümündə məzuniyyətə çıxırlar. Bəzi insanlar isə məzuniyyət günlərinin hamısını bir dəfəyə istifadə etmək istəmirlər. 

Bəs bu halda işçi məzuniyyət günlərini bölərək istifadə edə bilərsə, əməkhaqqı necə hesablanacaq? 

Qanunvericiliyə əsasən, il ərzində hər bir işçiyə ödənişli məzuniyyət verilməlidir. 

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şöbə Müdirinin Müavini Mehman Abdullayev bildirib ki, işçinin arzusu və işəgötürənin razılığı ilə məzuniyyət günlərə bölünərək verilə bilər:

“Bir şərtlə ki, məzuniyyət günləri 14 gündən az olmasın. Həmçinin, qalan məzuniyyət günləri ilin sonuna kimi və ya növbəti ilin əmək məzuniyyətinə birləşdirilib verilə bilər. Məzuniyyətin hesablanması isə əvvəlki 12 ayda aldığı əmək haqqının cəmini 12-yə bölməklə orta aylıq əməkhaqqı müəyyənləşdirilir. Daha sonra alınan rəqəmi 30.4-ə bölməklə bir günlük məzuniyyət haqqı tapılır. İşçi neçə gün məzuniyyət haqqından istifadə edirsə, həmin rəqəm günlərin sayına vurularaq ödəniş müəyyənləşdirilir”. 

Qeyd edək ki, məzuniyyətlə bağlı hər hansı problem yarandıqda işçilər Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət edə bilərlər.