
İnsanlarla itlər arasındakı münasibət fərqli mədəniyyətlərdə gözləniləndən daha çox oxşarlıq göstərir.
Bu nəticəyə Fridrix Şiller adına Yena Universiteti və Maks Plank Təkamül Antropologiyası İnstitutunun rəhbərliyi ilə fəaliyyət göstərən beynəlxalq tədqiqat qrupu gəlib.
“Scientific Reports” jurnalında dərc olunan araşdırma çərçivəsində alimlər Vanuatu, Monqolustan, Madaqaskar, Peru və Almaniyanın kənd bölgələrində ov itləri və onların sahibləri üzərində təcrübələr aparıblar.
Tədqiqata ümumilikdə 164 “sahib-it” cütlüyü daxil edilib. İtlərə insanın jestlərinə reaksiya vermək, gizlədilmiş yeməyi tapmaq, qadağan olunmuş yemlərdən uzaq durmaq, çətin vəziyyətlərdə sahibindən istiqamət almaq və yeni obyektlə qarşılaşarkən onun reaksiyasını nəzərə almaq kimi tapşırıqlar verilib. İştirakçılar eyni zamanda ev heyvanları ilə münasibətlərinə dair sorğuları da cavablandırıblar.
Nəticələr göstərib ki, fərqli ölkələrdə yaşayan itlər oxşar davranış nümayiş etdirirlər. Onlar insanların işarələrini anlayır, reaksiyalarını nəzərə alır və qeyri-müəyyən vəziyyətlərdə sosial siqnallar axtarırlar.
Araşdırmaya qatılanların böyük əksəriyyəti itlərin həm emosional, həm də praktiki baxımdan vacib rol oynadığını bildirib. Respondentlərin 90 faizdən çoxu isə hesab edir ki, itlər təhlükə zamanı sahiblərini qoruya bilər.
Bununla yanaşı, müəyyən fərqlər də müşahidə olunub. Məsələn, Peruda sahiblər itlərlə münasibətlərini daha aşağı qiymətləndiriblər. Alimlər bunu bölgədə ov ənənələri ilə əlaqələndirirlər. Vanuatuda isə insanlar itlərin davranışlarını daha dəqiq şərh ediblər, çünki burada itlər sıx meşələrdə ov zamanı fəal istifadə olunur.
Almaniyada isə itlərin formal təlim keçməsi və sahiblərlə daha yaxın ünsiyyət modeli səbəbindən komandaları daha sürətli yerinə yetirdiyi və çətin tapşırıqlarda insan dəstəyinə daha çox üz tutduğu müəyyənləşdirilib.
Alimlərin qənaətinə görə, insanla it arasındakı əlaqə dərin təkamül köklərinə malikdir və mədəni fərqlərə baxmayaraq, əsas xüsusiyyətlərini qoruyub saxlayır.
