Dünya yeni böhranın astanasında: İran hər şeyi riskə atdı – Müharibə başlayır?

İran Hörmüz boğazı üzərində nəzarəti ABŞ-la danışıqlarda ən vacib təzyiq alətlərindən biri hesab edir və görünür, bu üstünlüyünü qorumaq üçün hətta yeni əldə olunmuş atəşkəsi də riskə atmağa hazırdır.

Bu barədə “The New York Times” yazıb.

Bildirilib ki, son günlər İran və ABŞ arasında Hörmüz boğazı ətrafında yaşanan dörd günlük qarşılıqlı zərbələr tərəflərin başa çatdırmağa çalışdığı müharibədən sonra əldə olunan atəşkəsi təhlükə altına salıb. Bununla belə, analitiklərin fikrincə, Tehran üçün bu addımlar zəruri hesab olunub.

Ekspertlər bildirirlər ki, İran üçün yenidən əldə edilən əsas üstünlük dünya iqtisadiyyatında həyati əhəmiyyət daşıyan bu su yolunda hərəkəti pozmaq imkanının yaranmasıdır. Tehran bu rıçağı nə danışıqlar masasında, nə də ABŞ-la mümkün yeni qarşıdurmada itirmək istəmir.

Omanın addımı Tehranda narahatlıq yaratdı

Məlumata görə, ötən həftə Oman və BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazı üzrə yeni gəmiçilik marşrutu müəyyən edib. Yeni marşrut yalnız Oman ərazi sularından keçir.

Analitiklər hesab edirlər ki, bu qərar İranın uzun illər formalaşdırdığı əsas strategiyanı – boğaz üzərində dominant nəzarəti zəiflədə bilərdi.

İran üzrə analitik Əli Vaez bildirib ki, Tehran üçün bu təsir vasitəsi həyati əhəmiyyət daşıyır: “Yaxşı və ya pis ssenaridə onların bu rıçağa ehtiyacı olacaq”.

ABŞ-dan güzəşt almağın əsas yolu

Hələlik ABŞ və İran arasında növbəti danışıqların nə vaxt və harada keçiriləcəyi məlum deyil. Ancaq ekspertlər qeyd edirlər ki, belə görüş baş tutarsa, İran rəsmiləri Hörmüz boğazına nəzarəti Vaşinqtondan güzəştlər almaq üçün ən güclü vasitə kimi görürlər.

Tehran uzun illərdir tətbiq olunan ağır sanksiyaların ləğvini istəyir. Bunun qarşılığında isə nüvə sazişi çərçivəsində yüksək zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması və ya ölkədən çıxarılması müzakirə mövzusu ola bilər.

İran uzun müddət nüvə proqramını əsas çəkindirici vasitə kimi təqdim etsə də, son hadisələrdən sonra boğaz üzərində nəzarətin daha təsirli alətə çevrildiyi barədə fikirlər güclənib.