Çin Almaniya təyyarəsini hədəfə aldı: Səfir XİN-ə çağırıldı

Çin ordusu Almaniya təyyarəsini lazerlə hədəfə alıb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi rəsmi “X” hesabında bəyanat yayıb.

“Çin hərbçiləri Aİ-nin #ASPIDES əməliyyatı çərçivəsində Almaniyaya məxsus təyyarəni lazerlə hədəfə alıblar. Alman şəxsi heyətinin təhlükəyə atılması və əməliyyatın pozulması tamamilə qəbuledilməzdir”, – deyə bəyanatda deyilir.

Çin Almaniyadakı səfiri Denq Honqbo bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.

Almaniya mətbuatının yazdığına görə, Çinin alman qırıcılarına qarşı istifadə etdiyi “görmə lazerləri”ndən hədəf təyin etmək üçün deyil, təyyarəni narahat etmək üçün istifadə olunur.

“Bild” qəzeti yazır ki, Çinin Berlindəki səfiri ilə görüş çərşənbə axşamı səhər saatlarında baş tutub. Diplomatik qaynaqlardan qəzetə verilən açıqlamada bildirilir: “Alman əsgərlərinin təhlükəyə atılmasını qəbul etmirik. Çinin münasibəti tamamilə qəbuledilməz idi. Bu mesaj bu gün səfirə açıq şəkildə çatdırıldı”.

Bildirilir ki, hücum Yəmən sahilləri yaxınlığında baş verib.

Qeyd olunur ki, bu, Çinin ilk hücumu deyil. Çin ordusu əvvəllər Qərb təyyarələrinə qarşı lazerlərdən istifadə edərək pilotların görmə qabiliyyətini müvəqqəti məhdudlaşdırıb və təyyarənin elektron sistemlərini sıradan çıxarıb.

Xatırladaq ki, 2018-ci ildə Çinin Cibutidəki hərbi bazasının ABŞ hərbi təyyarələrini lazerlə vurması nəticəsində bir neçə pilot yüngül xəsarət alıb. ABŞ rəsmi olaraq hadisəyə etiraz etsə də, Çin iddiaları rədd edib.