BƏƏ-də nadir ov şahini rekord qiymətə satılıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində təşkil olunan Beynəlxalq ovçuluq, balıqçılıq, atçılıq və idman avadanlıqları sərgisindəki hərracda nadir ağ şahin rekord məbləğə – 2.1 milyon dirhəmə (571 min ABŞ dolları) satılıb.

Bu barədə WAM portalı məlumat yayıb.

Məlumata əsasən, “ultra-ağ” lələklərə malik şahin hərrac tarixində satılan ən bahalı quş olub.

Qeyd edilir ki, olduqca nadir lələk rəngi ilə seçilən bu yırtıcı quş Amerika Birləşmiş Ştatlarında yetişdirilib. Sözügedən beynəlxalq sərgidə dünyanın 71 ölkəsindən 2400-dən çox şirkət iştirak edib. Həmçinin, tədbirdə 55 şahin yetişdirmə fermasının nümayəndələri də yer alıblar.