“Azərbaycan Ordusu iştirak etdiyi ümumilikdə beş sülhməramlı əməliyyatın üçündə Türkiyə, birində ABŞ, digərində isə BMT sülhməramlıları ilə birgə fəaliyyət göstərib. Qeyd olunan dövlətlərin hər ikisi NATO-nun ən güclü ordularına sahibdir. Sülhməramlı prosesdə iştirak Azərbaycan sülhməramlılarının təcrübəsini artırmaqla yanaşı, həm də ikitərəfli hərbi əməkdaşlığı daha da möhkəmləndirir və Azərbaycanın beynəlxalq nüfuzuna öz müsbət təsirini göstərir”.
Bu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladıqları “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycanın sülhməramlı fəaliyyəti BMT, NATO kimi beynəlxalq təşkilatlarla və bir sıra xarici dövlətlərlə əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə qaldırıb, eləcə də onun beynəlxalq aləmdə nüfuzunun artırılmasına və etibarlı tərəfdaş kimi tanınmasına töhfə verib.
Sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və kadrlarının peşəkarlığının artırılmasına da töhfə verib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun sülhməramlı bölmələrinin hərbi qulluqçuları ən ağır döyüşlərdə iştirak edərək Zəfərin qazanılmasında mühüm rol oynayıblar.
Hesabatda Azərbaycanın dünyanın üç müxtəlif qitəsində həyata keçirdiyi sülhməramlı fəaliyyəti ilə yalnız özünün deyil, həm də beynəlxalq ictimaiyyətin təhlükəsizliyini təmin etmək üçün çalışdığını nümayiş etdirməsi də diqqətə çatdırılıb.
Həmçinin, Kosovo, İraq, Əfqanıstan və Cənubi Sudanda keçirilən mürəkkəb və çətin sülhməramlı missiyalarda ləyaqətlə xidmət göstərən zabitlərimizin həm ordunun peşəkarlığını, həm də xalqın sülhə sadiqliyini göstərdiyi vurğulanıb:
“Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfələrin davamlı xarakter daşıdığını sübut edir və ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Gələcəkdə bu sahədə daha genişmiqyaslı iştirakı təmin etmək üçün Azərbaycanın həm siyasi, həm də hərbi potensialı var”.




