ABŞ-nin bir çox ştatlarında müşahidə olunan ekstremal istilər 160 milyona yaxın ölkə sakini üçün təhlükə yaradıb.
Bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, kəskin isti hava şəraiti ilə əlaqədar ölkənin 30 ştatında xəbərdarlıq edilib. Növbəti üç gün ərzində paytaxt Vaşinqton, həmçinin Boston (Massaçusets ştatı), Kanzas-Siti (Missuri ştatı), Memfis (Tennessi ştatı), Nyu-York (Nyu-York ştatı) və Filadelfiya (Pensilvaniya ştatı) kimi şəhərlərdə temperatur 42-45 dərəcəyə kimi yüksələcək. Ştat rəhbərlikləri yüksək təhlükə rejimi elan edib, böyük şəhərlərdə əhalinin istidən qorunması məqsədilə kondisionerlə təchiz olunmuş xüsusi sığınacaq mərkəzləri yaradılıb.
Bildirilir ki, anomal hava şəraiti insanların sağlamlığı üçün yüksək risklər yarada və enerji infrastrukturuna düşən yükü artıra bilər.
Xəbərdarlıq bölgələrində yaşayan sakinlərə uzun müddət açıq havada qalmamaq, lazımi qədər maye qəbul etmək və imkan daxilində sərinləşdirici cihazları olan qapalı məkanlarda vaxt keçirmək tövsiyə olunub.




