Valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq? – MÜSAHİBƏ

0
362

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva yeni dərs ilinin bərpası barədə sualları cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Dərs ilinin başlanmasına sayılı günlər qalır. İndi bütün diqqətlər, müzakirələr bu istiqamətə yönəlib ki, əyani tədris bərpa olunacaq, yoxsa proses yenə məsafədən təşkil olunaq?

– Məktəb divarları arasında müəllim-şagird ünsiyyəti, mənəvi bağlılığı heç nə ilə əvəz oluna bilməz. Məktəbin gözəlliyi, özəlliyi onun şagirdləridir. Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib. Əlbəttə ki, bu arzuya gedən yol da kütləvi vaksinasiyadan keçir.

– Maraqlıdır, dərs bölgüsü zamanı peyvənd olunan müəllimlərlə peyvənd olunmayanlar arasında fərq qoyulacaqmı?

– İlk növbədə qeyd edim ki, müəllim həmişə yolgöstərən, maarifləndirən olub və bu, bu gün də belədir. Bu baxımdan bütün müəllimlər, təhsil işçiləri yaxşı anlayır ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir. Bütün ehtimallar nəzərə alınarsa, sanitar-epidemioloji vəziyyətin dəyişmə riskləri qiymətləndirilərsə, təbii ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər.

Bir məsələni də qeyd edim ki, tədris müəssisələrində heyət üzvlərindən vaksin vurulmuş şəxslərin vaksin pasportlarının, koronavirus infeksiyasına yoluxma səbəbilə vaksin vurulmayan şəxslərin immunitet sertifikatlarının və əks-göstərişi olan şəxslərin müvafiq sertifikatlarının tələb olunması müzakirə edilir.

Tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində ümid edirik ki, təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq.

– Son zamanlar ictimaiyyət arasında, xüsusilə sosial şəbəkələrdə belə bir fikir dolaşır ki, valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq. Bu fikir reallığı əks etdirirmi?

– Məsələyə Təhsil Nazirliyi rəsmi olaraq açıqlama verdi, aydınlıq gətirdi. Düşünürəm ki, valideynlər qarşısında bununla bağlı hər hansı tələbə və tapşırığa zərurət olmayacaq. Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunan müəllim qədər valideyn də məsuliyyət daşıyır.

Ona görə də, əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram.