Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?

0
705

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov Azərbaycanın Daxili İşlər naziri vəzifəsindən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə R.Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası 10 aprel 1997-ci ildə yaradılıb.

Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq, Prezident tərəfindən yaradılır.

Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Şuraya vitse-prezident, Milli Məclisin sədri, Baş nazir, Prezident Administrasiyasının rəhbəri, dövlət müşavirləri, Baş prokuror, Xarici İşlər naziri, Müdafiə naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Daxili İşlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını R.Usubovun təyinatına qədər Prezident Administrasiyasının rəhbəri yerinə yetirirdi.