“Odlar Yurdu” Gənclər İctimai Birliyi son dövrlərdə Azərbaycan Respublikasında müşahidə olunan ictimai prosesləri, dövlətin gənclər siyasətinin əhəmiyyətini və bu siyasətin gənclərin inkişafı üçün yaratdığı real imkanları, gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirakını, həmçinin Gəncə şəhərinin 2012-ci ilin “Gənclər paytaxtı” seçilməsini nəzərə alaraq 15 iyun 2012-ci il tarixdə bir qrup gənc tərəfindən təsis edilmişdir.
Birliyin sədri Nigar Ələsgərova və təşkilatın baş katibi Ruslan Vəliyevlə təşkilatın fəaliyyəti ilə bağlı söhbət zamanı əldə etdiyimiz məlumatlar çox maraqlıdır.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin məqsədi gənclərin vətənpərvərliyinin təbliğatına, milli-mənəvi dəyərlərin qorunmasına, həmçinin təhsil, elm, səhiyyə, mədəniyyət, sahibkarlıq, idman və cəmiyyətin digər sahələrinin inkişafına cəlb edilməsi, könüllülük işinin təşkili və gənclər arasında beynəlxalq əməkdaşlığın təmin olunmasıdır.
“Sosial şəbəkələrdə Azərbaycan” adlı gənclərin sosial şəbəkələrdə Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, inkişafı, gənclər siyasəti haqqında düzgün informasiyanın yayılması, lobbiçilik işinin aparılmasında gənclərin daha yaxından iştirakının təmin edilməsi məqsədi daşıyan, “Keçmişini öyrən, gələcəyini qur” – adlı vətənpərvərlik anlayışının və ideyasının təbliğatı, maariflənmə, gənclərin vətənpərvərlik tərbiyəsinin ayrılmaz hissəsi olan milli qəhrəmanlar haqqında məlumatlandırılması və cəmiyyətin vətənpərlik tərbiyəsində gənclərin iştirakının və fəallığının artırılması ilə bağlı layihələr artıq həyata keçirilmişdir.
Eyni zamanda “Media Məktəbi”, “Turizmin inkişafında gənclərin rolu”, “Gənclər ətraf mühitin mühafizəsində”, “Fərdi İnkişaf Proqramı 2013”, “Könüllülüyə çağırış” , “Gənclik ONUN imzasıdır”, “Ətraf Mühit və MƏN” adlı layihələr də “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.
“Fəal Gənc” Mükafatlandırma Mərasiminin məqsədi isə son bir ildə Gəncə şəhərinin elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman, ictimai və siyasi sahələrində fəal olan 15 nəfər gəncin “Fəal Gənc-2014” kuboku, Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilməsidir.
“Heydər Əliyev kuboku – 2013” Turnirində Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları, şirkətlər, banklar, idarələr, müxtəlif müəssisələr və təşəbbüs qruplarının iştirakı ilə oğlan və qızlardan ibarət 16 komanda çempionluq uğrunda mübarizə aparıb.
Həmçinin sağlam həyat tərzini təbliğ etmək, gənclərə gündəlik həyatlarında idmanla məşğul olmalarını təşviq etməklə ,onlara bu vərdişin nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, həmçinin incəsənət sahəsinə maraq artırmaqla onlara öz potensiallarını aşkar etmək şəraiti yaratmaq məqsədi daşıyan “Art and Sport : hand in hand” Youth Exchange (“İncəsənət və İdman : əl- ələ” Gənclər Mübadiləsi adlı layihə də ictimaiyyətin marağına səbəb olmuşdur.
Onu da qeyd edək ki, Odlar Yurdu” Gənclər İctimai Birliyinə üzvlük fərdi və kollektiv qaydada müraciət əsasında həyata keçirilir.
Altun Süleymanov
“Odlar Yurdu” GİB-nin ictimai əlaqələr üzrə katibi