Mütəmadi olaraq qan vermək iki böyük TƏHLÜKƏDƏN QORUYUR

0
346
Mütəmadi olaraq qan vermək iki böyük TƏHLÜKƏDƏN QORUYUR

Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır.

Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

“Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər”, – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

“Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir”, – deyə o vurğulayıb.