YENİ HİYLƏ: İşlənmiş maşın alarkən diqqətli olun – VİDEO

0
290
YENİ HİYLƏ: İşlənmiş maşın alarkən diqqətli olun - VİDEO

Xaricdən gətirilən işlənmiş avtomobillərin bəzilərinin səsboğucu sistemində ”katalizator” olmur. Bu da ətraf mühitin təmizliyi və ekoloji baxımdan olduqca ziyanlıdır. Ustalar deyirlər ki, bəzi işbazlar xaricdə ”katalizator”u içindəki qiymətli metala görə çıxarıb satırlar. Bəs “Avro-4” standartının tətbiq edildiyi ölkəmizə bu avtomobillər necə keçirilir? Sualmıza gömrük komitəsindən də cavab almışıq.

Gülməmməd Gülməmmədov avtomobilini Gürcüstandan işlənmiş maşın kimi alıb ölkəyə gətirib. Amma bir müddət sürdükdən sonra avtomobilin gücündə müəyyən problemlər ortaya çıxıb. Ustaya apardıqda isə məlum olub ki, avtomobilin katalizatoru çıxarılıb..

Usta Sahil Ağabəyli deyir ki, son vaxtlar avtomobillərdə belə hallara tez-tez rast gəlinir. Hətta Gürcüstandan gətirilən avtomobillərdə bu hal 20-30 faiz ətrafında olur. Usta deyir ki, bu sistemin çıxarılmasında əsas səbəb həmin qurğuda təxminən 1 kiloqrama yaxın platin metalının olmasıdır. Bir çox sürücü və ya işbaz onu çıxarıb 1000-2000 manata satır.

Katalizatorun olmaması əsasən ekologiyaya mənfi təsir edir. Çünki bu qurğu olmadıqda avtomobil ətrafa kəskin qoxu və qara tüstü buraxır. Ustanın sözlərinə görə, avtomobillərdə ”katalizator” səsboğucunun bir neçə hissəsində yerləşir. Mühərrik işlək olan zaman işlənmiş qazlar ”katalizator”da yandıqdan sonra atmosferə buraxılır. Amma ”katalizator” olmadıqda həmin qazlar birbaşa ətrafa yayılır.

2014-cü il, 1 aprel tarixindən Azərbaycana idxal edilən avtomobillərin “Avro-4” standartına cavab verib-vermədiyi yoxlanır. Onda belə bir sual yaranır: xaricdən gətirilən işlənmiş avtomobillər gömrük-keçid məntəqlərində necə yoxlanır? Və ya “katalizator”u olmayan nəqliyyat vasitələrinin Gömrük rəsmiləşməsi necə həyata keçirilir?

Dövlət Gömrük Komitəsindən ”Xəzər Xəbər”ə verilən açıqlamada bu suala konkret cavab verilməsə də, bildirildi ki, avtonəqliyyat vasitəsinin “Avro-4″ ekoloji normalara uyğunluğu nəqliyyat vasitəsinin ”VİN” kodu ilə nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi vasitəsilə bazadan təyin edili. Bu baxımdan ekoloji normalara cavab verən nəqliyyat vasitələrində katalizator sisteminin işlək olması vacibdir.