Azərbaycanda koronavirusa yoluxan təhsil işçilərinə maliyyə dəstəyi göstərilir

0
403

Azərbaycanda koronavirus infeksiyasına yoluxan təhsil işçilərinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən maliyyə dəstəyi göstərilir.

Bunun üçün təhsil işçisi COVID-19-a yoluxduğu barədə tibbi arayışı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rayon üzrə bölmələrinə təqdim etməlidir.

Azad Həmkarlar İttifaqı Konfederasiyasından bildirilib ki, əvvəllər müraciət edənlərin az olacağı proqnozlaşdırılsa da, son dövrlər yoluxma sayında artım qeydə alınır:

“Məktəbin həmkarlar ittifaqının büdcəsindən asılı olaraq maliyyə imkanları daxilində virusa yoluxan təhsil işçilərinə kömək etməyə çalışılır. Müraciət edənlərə “yox” deyilmir”.

Qeyd olunub ki, əvvəllər COVID-19-a yoluxan təhsil işçiləri üçün 300 manat məbləğində maddi dəstək göstərilməsi qərarı verilmişdi:

“Yoluxanların sayı artdığından sonrakı qərarla bu məbləğ azaldıldı. Təhsil müəssisələrinin büdcəsindən asılı olaraq həmin məbləğ 170, 150, 100 və 50 manat da olur. Bu günə qədər minlərlə təhsil işçisinə müəyyən məbləğdə maddi dəstək göstərilib və proses bu gün də davam edir”.